İQTİSADİYYAT
Vicay Padmanabhan: “Ağdaş, Göyçay, Naxçıvan, Beyləqan, Balakən və Ağcabədidə su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığı təmin olunacaq”
Göyçay, 17 oktyabr (AZƏRTAC). Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda həyata keçirdiyi “Su təchizatı və kanalizasiya sistemi üçün İnvestisiya Proqramı” çərçivəsində hazırda Göyçay rayonunda həyata keçirilən işlər 18 aya başa çatacaq. Hazırda Göyçayda kanalizasiya xətlərin çəkilişi ilə yanaşı, ünvanların kanalizasiya şəbəkəsinə qoşulması üzrə işlər aparılır, küçələrdə müxtəlif diametrli su xətləri çəkilir, şəhərin şimalındakı dağlıq yüksəklikdə su anbarı inşa edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri layihə üzrə həyata keçirilən işlərlə tanış olmaq məqsədi ilə Göyçaya gələn Asiya İnkişaf Bankının şəhər təsərrüfatının inkişafı üzrə baş mütəxəssisi Vicay Padmanabhan jurnalistlərə müsahibəsində demişdir. Onun sözlərinə görə, 2012-ci ilin yanvar ayından icrasına başlanılan layihənin ikinci mərhələsi 18 aydan sonra başa çatacaq və Göyçayda hər bir ailə həftənin 7 günü 24 saat ərzində içməli su ilə təchiz olunacaq.
Vicay Padmanabhan bildirmişdir: “Biz eyni zamanda “Azərsu” ASC ilə birgə Göyçayda kanalizasiya sistemini də yenidən qururuq və rayonda yaşayan hər bir ailənin evi bu yeni kanalizasiya sisteminə qoşulacaq. Ümumiyyətlə, proqram çərçivəsində Ağdaş, Göyçay, Naxçıvan, Beyləqan, Balakən və Ağcabədidə su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığı təmin olunacaq. Proqram çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan hökumətinə 600 milyon dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bundan 375 milyon dolların ayrılması artıq təsdiqlənmişdir. Belə ki, Naxçıvan, Göyçay, Ağdaş şəhərləri üçün ilk tranş 75 milyon, ikinci tranş isə 300 milyon dollar təşkil edir. Bunun da 130 milyonu Naxçıvan, 170 milyonu isə Göyçay, Ağdaş və Beyləqan rayonları üçün nəzərdə tutulmuşdur. Layihənin 3-cü tranşı 2013-cü ilin birinci rübündə həyata keçiriləcək”. O bildirmişdir ki, bu həftə ərzində Ağdaş və Beyləqan rayonlarında layihə çərçivəsində bu günədək görülmüş işlərlə tanışlıq olacaq və təməlqoyma mərasimləri keçiriləcək. Layihələr isə öz növbəsində üç əsas komponentdən ibarətdir. Bura, su təchizatı sisteminin inkişaf etdirilməsi, su cəmiyyətlərinin imkanlarının genişləndirilməsi və layihənin idarə edilməsi sisteminin inkişafı ilə bağlı aspektlər daxildir.