CƏMİYYƏT
Vüqar Süleymanov: Mina təhlükəsi sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır
Ağdam, 25 may, Gülay Nəzərova, AZƏRTAC
Minalar və müharibənin digər partlayıcı qalıqları dünyanın bir çox ölkələrində sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.
"Biz bu gün Ağdamdayıq. Bir vaxtlar gözəl olan bu şəhər minaların və müharibənin digər partlayıcı qalıqlarının izlərini daşıyır. Bu şəhər mina problemi ilə təcili məşğul olmağın vacib olduğunu xatırladır. Burada ona görə toplaşmışıq ki, daha təhlükəsiz və firavan, minasız gələcəyə yol açacaq həlləri müzakirə edək və tərəfdaşlıqlar quraq”, - deyə İdarə Heyətinin sədri qeyd edib.
O, bugünkü konfransın ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə təşkil edildiyini diqqətə çatdırıb: "Dəyərli tərəfdaşlığa görə BMT-dəki həmkarlarıma təşəkkür edirəm. Bu forumda 51 ölkədən 190-dan çox iştirakçı bir araya gəlib. Bu, bizim hər birimiz üçün qlobal mina problemlərini müzakirə etmək və yerli səviyyədə həll yollarını tapmaq imkanıdır. Minalar və müharibənin digər partlayıcı qalıqları dünyanın bir çox ölkələrində sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır".
O vurğulayıb ki, milli mənsubiyyətindən asılı olmayaraq, heç kim minalardan əziyyət çəkməməlidir: “Ümid edirik ki, konfrans zamanı biz nəinki mövcud problemləri nəzərdən keçirəcəyik, həm də innovativ həllər tapacağıq. Biz mina təmizlənməsini Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmaq prosesinin tərkib hissəsi hesab edirik”.