Vyanada “ASAN xidmət” brendinin Əfqanıstan və Monteneqroda tətbiqindən danışılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi Vyanada “Rəqəmsal erada əlaqəlilik, qabaqcıl idarəetmə, yeni texnologiyalar və enerji sahəsində əməkdaşlıq vasitəsilə ATƏT məkanında iqtisadi tərəqqinin və təhlükəsizliyin təşviqi” mövzusunda keçirilən ATƏT-in 27-ci İqtisadi və Ətraf mühit Forumunun birinci hazırlıq görüşündə iştirak etmək olub.
Görüşün sessiyaları iqtisadiyyatların və cəmiyyətlərin inkişafında qabaqcıl idarəetmə, iqtisadi sahədə rəqəmsal texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat vasitəsilə dayanıqlı iqtisadi artımın əldə olunması, korrupsiya ilə mübarizədə rəqəmsal texnologiyaların istifadəsi kimi mövzulara həsr olunub.
Dövlət agentliyinin Aparat rəhbəri Azad Cəfərli “Rəqəmsallaşma vasitəsilə korrupsiya ilə mübarizə” mövzusuna həsr olunmuş sessiyada çıxış edərək ölkəmizdə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar, bu islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in fəaliyyətə başlaması, habelə e-hökumət, elektronlaşma, İKT-nin və innovativ həllərin dövlət xidmətlərinin göstərilməsi prosesində tətbiqindən bəhs edib. Həmçinin dövlət agentliyinin nümayəndəsi “ASAN xidmət”in uğurlu fəaliyyəti nəticəsində BMT-nin dövlət xidmətləri mükafatına layiq görülməsi, Azərbaycan brendinin Əfqanıstan və Monteneqroda tətbiqini qeyd edib, Özbəkistanla əməkdaşlığa başlanıldığını diqqətə çatdırıb.