REGİONLAR
Xaçmazda “Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində ailəvi idman yarışı
Xaçmaz, 23 avqust (AZƏRTAC, Elxan Yusifli). Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti ilə birgə reallaşdırdığı “Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində avqustun 23-də Xaçmaz Olimpiya İdman Kompleksində ailəvi idman yarışı keçirildi.
AZƏRTAC xəbər verir ki, yarışın əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və onların valideynlərini bu proseslərin fəal üzvlərinə çevirməkdən ibarətdir. Şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət yarışda şimal rayonlarını təmsil edən 6 ailə qalib adı uğrunda mübarizə aparırdı.
Ailəvi idman yarışının açılış mərasimində Milli Olimpiya Komitəsinin məsul işçisi Həsənağa Rzayev çıxış edərək MOK və “Coca-Cola” şirkəti arasındakı uzunmüddətli əməkdaşlıq və “Fəal ailəm, sağlam aləm” layihəsi haqqında danışdı. Bildirildi ki, bu kimi tədbirlər uşaqların və gənclərin idmana məhəbbət ruhunda tərbiyə edilməsində mühüm rol oynayır. Olimpiya dəyərləri və ölkəmizdə də geniş vüsət alan bu hərəkat haqqında söhbət açan H.Rzayev iştirakçıları və tamaşaçıları Olimpiya prinsiplərindən gündəlik həyatlarında daha fəal istifadə etməyə çağırdı.
Qeyd edildi ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunları zamanı dünya üzrə bütün idmansevərlərin diqqəti ölkəmizə yönələcəkdir.
Daha sonra meydançaya uşaqlardan və valideynlərdən ibarət ailə komandaları dəvət olunaraq şən, təhlükəsiz və inklusiv oyunlar əsasında hazırlanan estafet yarışına başlanıldı.
Yarışın sonunda iştirakçı ailələr fəxri diplom və hədiyyələrlə təltif edildilər.