Xaçmazlı gənclər hərbi xidmətə təntənəli şəkildə yola salınıblar VİDEO
Xaçmaz, 19 aprel, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Xaçmazda da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 19-da Xaçmazda gənclərin hərbi xidmətə yola salınması münasibətilə keçirilən təntənəli mərasimdə müharibə veteranları, ağsaqqallar və valideynlər iştirak ediblər.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz rayon şöbəsinin rəisi Asif Nemətov, müharibə veteranları, valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.
Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər.
Sonda xaçmazlı gənclərin bir qrupu hərbi xidmətə yola düşüblər.