MƏDƏNİYYƏT
Xalq Artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illik yubileyi qeyd edilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov qonaqları salamlayaraq Ağadadaş Qurbanovun həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, onun fəaliyyəti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə üst-üstə düşür. Belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Bu dövlət proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq tədbirlər planı hazırlanmışdır. Bugünkü tədbir də həmin silsilədəndir.
Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov Ağadadaş Qurbanovun teatr sənətinin inkişafındakı xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, sənətkar Dövlət Gənc Tamaşaçılar Teatrını yaradanlardan biri kimi, bu sənət məbədində bir-birindən bənzərsiz çoxsaylı obrazlar yaratmışdır. Vurğulanmışdır ki, Ağadadaş Qurbanov sənətdə öz sözünü demiş, teatr məktəbi üçün örnək sayılan sənətkarlardan olmuş və özündən sonra gözəl bir iz qoymuşdur. Aktyorun həm də gözəl ailə başçısı olduğu, aramızdan vaxtsız getmiş Gülşən və Hamlet Qurbanovlar, hazırda rəssam və rejissor, Əməkdar İncəsənət Xadimi Firəngiz Qurbanova kimi övladlar yetişdirdiyi də diqqətə çatdırılmışdır. Azərpaşa Nemətov, həmçinin mərhum aktyorla bağlı xatirələrini söyləmişdir.
Digər çıxış edənlər də vaxtilə birgə çalışdıqları görkəmli sənətkarla bağlı xatirələrini bölüşmüşlər.
Tədbirdə Ağadadaş Qurbanovun çəkildiyi filmlərdən kadrlar nümayiş etdirilmiş, oynadığı rollar Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorlarının ifasında yenidən canlandırılmışdır.