MƏDƏNİYYƏT
Xalq Artisti Elnarə Dadaşovanın 60 illik yubileyi qeyd olunmuşdur
Bakı, 4 iyul (AZƏRTAC). İyulun 4-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunun təşkilatçılığı ilə Xalq Artisti, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 60 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova yubilyarı təbrik etmiş, ona xoş arzularını çatdırmışdır.
Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, musiqişünas Lalə Hüseynova bəstəkarın həyat və yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında danışmışdır. Bildirmişdir ki, görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil almış Elnarə Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlamışdır. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələmiş, polifonik, sənədli filmlərə silsilə musiqilər yazmışdır. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil etmişdir.
Vurğulanmışdır ki, hazırda E. Dadaşova Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Tədbirdə bəstəkarın həyat və fəaliyyətinə həsr edilmiş videogörüntülər nümayiş olunmuşdur.
Yubiley gecəsində beynəlxalq müsabiqələrin laureatları Fəridə Məmmədova, Nigar Qəhrəmanova, Züleyxa Bayramovanın ifasında Elnarə Dadaşovanın “Kvartet”, “Bahar sərgisi”, “Rəngim döndü sənsiz”, “3 Prelüd”, “Lay-lay”. “4 Fuqa”, ariya və variasiyaları səslənmişdir.
Konsert alqışlarla qarşılanmışdır.
Sonda Elnarə Dadaşova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.