ELM VƏ TƏHSİL
Xalq Yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 1 fevral (AZƏRTAC). Təhsil Nazirliyində görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin Xalq Yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizdə silsilə tədbirlərin təşkil edildiyini bildirmişdir.
Görkəmli yazıçının Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açan nazir qeyd etmişdir ki, M.İbrahimov qüdrətli qələm sahibi olmaqla yanaşı, həm də tanınmış ictimai xadim, böyük vətəndaş və ziyalı idi. M.Mərdanov yazıçının keçdiyi şərəfli həyat yolu, ədəbi və ictimai-siyasi fəaliyyəti, ədəbiyyat tariximizə həkk olunmuş əsərləri barədə də danışmışdır.
Xalq Yazıçısı M.İbrahimovun Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olmasında xidmətlərini diqqətə çatdıran M.Mərdanov ədibin ana dilimiz uğrunda nümayiş etdirdiyi qətiyyət və cəsarətini bugünkü gənc nəsil üçün ibrətamiz nümunə olduğunu vurğulamışdır.
Nazir ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş müsabiqədə minlərlə məktəblinin iştirak etdiyini, ölkəmizin bütün rayon və şəhərlərindən seçilərək Təhsil Nazirliyinə təqdim olunmuş 115 inşanın yoxlanıldıqdan sonra qaliblərin müəyyənləşdiyini bildirmişdir. Birinci yer üzrə 7, ikinci yer üzrə 14, üçüncü yer üzrə isə 16 qalibin olduğunu nəzərə çatdıran təhsil naziri onları təbrik etmiş, uğurlar arzulamışdır.
Müsabiqənin qaliblərinə, müvafiq olaraq, I, II və III dərəcəli diplom və Xalq Yazıçısı haqqında kitab təqdim edilmişdir.
Sonda Mirzə İbrahimovun qızı, respublikanın Xalq Artisti, bəstəkar Sevda İbrahimova Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının xüsusi önəm daşıdığını vurğulamış, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.