CƏMİYYƏT
Xəbərdarlıq: İyunun 11-12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
![Xəbərdarlıq: İyunun 11-12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir](/files/2024/2/1200x630/1718024918149447704_1200x630.png)
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 11 və 12-si əsasən gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 12-si axşamadək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır.
Çaylarda sululuğun artacağı, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan və Lənkəran-Astara bölgələrinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.