İQTİSADİYYAT
Xətai prospektində içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkisinin qarşısı alınacaqdır
Bakı, 11 aprel (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlığı davam etdirir.
ASC-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər proqramına uyğun olaraq paytaxtın bir sıra ərazilərində mövcud xətlərdə təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparılır. Bu məqsədlə paytaxtın Nərimanov rayonu Xətai prospektindən keçən, uzun müddət istifadədə olan, yararsız su borularının və qəzalı vəziyyətdə olan kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanılmışdır. İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədi ilə prospekt boyunca 2.400 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 200 millimetr (mm) diametrli polietilen borularla əvəzlənir. Bununla paralel olaraq ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca 160 mm diametrli polietilen borularla köməkçi su xətti də çəkilir. Layihəyə uyğun olaraq Xətai prospektində kanalizasiya kollektoru da yenilənir. Bu məqsədlə 1000 mm diametrli metal borularla yeni kanalizasiya xətti çəkilir.
Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprel ayının sonunadək tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Nərimanov rayonu Xətai prospektində içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkisinin qarşısı alınacaqdır.