CƏMİYYƏT
Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 10 kiloqramdan çox narkotik vasitə götürülüb
Bakı, 20 yanvar, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər saxlanılıb, qanunsuz dövriyyədən 10 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 34-cü polis şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Asif Niyazov saxlanılıb. Onun üzərindən, eləcə də evindən ümumilikdə 10 kiloqram 200 qram heroin və marixuana aşkarlanıb. Digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ruslan Aslanov, Rəşad Hüseynov, Rəşad Pənahov və əvvəllər məhkum olunmuş Məhəmməd Nəcəfov tutulublar.
Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində polis idarəsinin istintaq şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları əməliyyatları davam etdirirlər.