CƏMİYYƏT
Xətai rayonunda şəhid ailələri ziyarət edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16573548501019237494_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573548505193055550_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573548503210755869_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573548501415627498_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657354850310957420_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657354850643433185_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657354850636074013_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573548501735032885_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657354850614713493_1200x630.jpeg)
Bakı, 9 iyul, AZƏRTAC
Artıq iki ilə yaxındır ölkəmizdə bütün tarixi günlər, bayramlar Zəfər ovqatında qeyd edilir. Bu Qələbənin qəhrəmanları olan şəhidlərimizin ailələri ziyarət olunur.
İyulun 8-də Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqı Komitəsinin və partiyanın rayon təşkilatlarının əməkdaşlarının İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət etmələri də bu ənənənin davamıdır.
AZƏRTAC xəbər verir ki, şəhid ailələrinin evlərində olan YAP Xətai rayon təşkilatının nümayəndələri onları bayram münasibətilə təbrik edərək sovqat çatdırıblar.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tarixi Zəfərimizdən bəhs edərək bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Qələbəmizin qürurunu yaşamaqla yanaşı, bizlərə bu sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir. “Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarımız tariximizin Zəfər səhifəsini yazdılar. Onların döyüş yolu indiki və gələcək nəsillər üçün bir vətənpərvərlik məktəbidir. Şəhidlərimiz öz həyatlarını qurban verərək bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Düşmənin gözünə dik baxaraq torpaqlarımızı işğaldan azad etmək üçün canlarından keçən belə vətənpərvər oğullarımız tariximizin qəhrəmanları kimi həmişə ehtiramla yad ediləcəklər. Onları unutmağa heç birimizin haqqımız yoxdur”, - Vüqar Rəhimzadə bildirib.
Rayon təşkilatının nümayəndələri şəhid valideynlərinin yaratdıqları ev-muzeylərində də olaraq qəhrəmanların həyat yollarına nəzər salıb, Azərbaycanın müstəqilliyi və əzəli torpaqlarımızın işğaldan azad olunması yolunda canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıblar.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.