QAN YADDAŞI
XOCALI FACİƏSİ ERMƏNİ MİLLƏTÇİLƏRİNİN AZƏRBAYCAN XALQINA QARŞI APARDIĞI SOYQIRIMI VƏ ETNİK TƏMİZLƏMƏ SİYASƏTİNİN QANLI SƏHİFƏSİDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FACİƏ QURBANLARININ XATİRƏSİNİ ANMA MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
On altı il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişlər. Xatın, Liditsa, Oradur soyqırımları kimi, Xocalı faciəsi də insanlıq tarixinin qanlı səhifəsidir.
Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 83 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir.
Erməni cəlladlarının törətdikləri bu vəhşilik və vandalizm aktı bəşəriyyətin əsl soyqırımı kimi tanıdığı faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Bu faciə davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə həm də bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi. Sanki möcüzə sayəsində salamat qalmış sakinlərin, jurnalistlərin, hüquq müdafiəçilərinin yazdıqları materiallar, habelə Heydər Əliyev Fondunun sifarişi ilə buraxılmış nəşrlərdəki onlarca, yüzlərcə fakt bunu təsdiq edir. Ermənilər bu dəhşətli qırğınla Azərbaycan xalqının mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin onların bu niyyətləri baş tutmadı.
Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə və dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız tərəfindən ürək ağrısı ilə qeyd olunur.
Bu günlər dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir. Aksiyalar zamanı ermənilərin vəhşiliklərini əks etdirən məlumat vərəqələri paylanır, faciəni əks etdirən fotoşəkillər, həmçinin Heydər Əliyev Fondunun təqdim etdiyi materiallar nümayiş etdirilir. Bundan əlavə, dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Beynəlxalq ictimaiyyətin məlumatlandırılması və Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi məqsədi ilə xarici ölkələrin parlamentlərinə, dövlət qurumlarına, beynəlxalq təşkilatlara, nüfuzlu KİV-lərə müraciət ünvanlanır. Ulu öndər Heydər Əliyev demişdir: “Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, bütövlüyünü təmin etməkdir”.
Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Azərbaycan paytaxtının minlərlə sakini Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı İlham Əliyev abidənin önünə əklil qoydu.
Sonra Prezident İlham Əliyevə abidənin ucaldığı parkda aparılmış yenidənqurma işləri haqqında məlumat verildi.
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, habelə Xocalı qırğınından xilas ola bilmiş sakinlər iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
######
![]() |
![]() |
![]() |
![]() |