Xocavənd rayonunda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib


Bakı, 24 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə Xocavənd rayonunun mərkəzində növbəti maarifləndirmə tədbiri təşkil olunub.
DƏMX-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Xocavənd rayonunda fəaliyyət göstərən 4 işəgötürənin 120 nəfər işçi heyətini əhatə edib.
Maarifləndirmə tədbirləri zamanı iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlər çərçivəsində iştirakçılara yaddaş kitabçaları, maarifləndirici bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, sualları cavablandırılıb.
Tədbirlərdə “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsinə dair bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.