İDMAN
Xorvatiya və İrlandiya yığmalarının Avro-2012 çempionatının finalında iştirakı, demək olar ki, təmin edilmişdir
Bakı, 11 noyabr (AZƏRTAC). 2012-ci il Avropa çempionatının ilk seçmə matçında xorvatlar İstanbulda Türkiyə yığmasını 3:0 hesabı ilə məğlub etmişlər. Xatırladaq ki, Türkiyə komandası Azərbaycan yığması ilə eyni seçim qrupunda çıxış edirdi. Qonqların komandasında qolların müəllifləri İvitsa Oliç, Mario Mancukiç və Vedran Çorluka olmuşdur.
Oyun başa çatandan sonra türklərin məşqçisi Qus Hiddinq demişdir: “Biz rəqiblərimizə təzyiq göstərirdik, lakin xorvatların qapısı qarşısında real təhlükə yarada bilmədik. İndi bizim bu məğlubiyyətin əvəzini çıxmağımız praktiki olaraq qeyri-mümkündür, lakin futbolçular cavab matçında özlərinin və öz ölkələrinin şərəfini qorumalıdırlar”.
İrlandiya yığması bu vəzifənin öhdəsindən daha asanlıqla gələcəkdir, çünki o, Tallində Estoniya komandasının qapısına 4 cavabsız top vurmuşdur. Xatırladaq ki, meydan sahibləri bu oyunun son dəqiqələrində 9 oyunçu ilə çıxış edirdi: Andrey Stepanov və Rayo Piroyya hərəyə iki sarı vərəqə almışdır.
İrlandiya yığmasının baş məşqçisi Covanni Trapattoni oyundan sonra demişdir: “Bizim komanda çoxdan bəri rəqiblərinə “quru hesabla” qalib gəlməmişdi. Biz bu uğurumuzla fəxr edirik. 90 dəqiqə ərzində meydanda favorit kimi qalmaq həmişə çətin məsələdir. İndi biz deyə bilərik ki, yaxşı nəticəyə nail olmuşuq”.
Digər iki seçmə matçın nəticələri belə olmuşdur: Çexiya - Montoneqra 2:0, Portuqaliya - Bosniya və Herseqovina 0:0. Cavab matçları noyabrın 15-də keçiriləcəkdir.
Xatırladaq ki, Avro-2012 çempionatının final oyunları gələn il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukraynada keçiriləcəkdir.