İQTİSADİYYAT
Yanvar-avqust aylarında 66,4 ton müxtəlif növ yararsız ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilmişdir
Bakı, 15 sentyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda növbəti konfransını Balakən rayonunda keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Xidməti rəisinin müavini Araz Əliyev məlumat vermişdir ki, yanvar-avqust aylarında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 66,4 ton müxtəlif növ ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilmişdir.
Konfransda “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələr dinlənilmişdir.