İQTİSADİYYAT
Yanvarda qeyri-həyat sığortası bazarında yığım 16,6 faiz artıb
Bakı, 23 fevral, AZƏRTAC
Bu ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 63,8 milyon manatı və ya 83,6 faizi qeyri-həyat sığortasının payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası bazarı 16,6 faiz böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların 57,8 faizi və yaxud 36,9 milyon manatı tibbi sığortanın, 10,8 faizi və yaxud 6,9 milyon manatı hava nəqliyyatı vasitələrinin sığortasının, 9 faizi və yaxud 5,7 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 7,4 faizi və yaxud 4,7 milyon manatı avtomobillərin icbari sığortasının, 4,3 faizi və yaxud 2,7 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 3,3 faizi və yaxud 2,1 milyon manatı hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının, 2,6 faizi və yaxud 1,7 milyon manatı kasko sığortasının, 2,1 faizi və yaxud 1,4 milyon manatı ümumi mülki məsuliyyətin sığortasının, qalan 2,7 faizi və yaxud 1,7 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Ay ərzində sığorta ödənişlərinin 68,1 faizini və ya 9 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2015-ci ilin eyni dövrünə nisbətən 5,9 faiz azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 49,1 faizi və ya 51,3 milyon manatı tibbi sığortanın, 26,5 faizi və ya 2,4 milyon manatı avtomobillərin icbari sığortasının, 13,4 faizi və ya 1,2 milyon manatı kasko sığortasının, qalan 11 faizi və ya 1 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,3 manatı ödəniş edilib. Bu rəqəm ötən ilin yanvar ayında 17,7 manat olub.