CƏMİYYƏT
Yanvarda saxta sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən 32 nəfər saxlanılıb
![](/files/galleryphoto/2022/1/1200x630/16437224755224744125_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16437224755508757742_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16437224756241915871_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16437224755644532619_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16437224752785960665_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16437224754326815525_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1643722475474759510_1200x630.jpg)
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd nəzarəti tərəfindən 2022-ci ilin yanvar ayı ərzində dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkili, qaçaqmalçılıq fəaliyyətləri, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyət uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 29 halda 32 nəfər saxta sənədlərlə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Onların 25 nəfəri Azərbaycan, 7-si Türkiyə vətəndaşları olub. Araşdırma zamanı saxtalaşdırılmış sənədlərin əsasən Avropa İttifaqına üzv ölkələrin şəxsiyyət vəsiqələri, daimi yaşayış kartları olması müəyyənləşdirilib.
Hesabat dövründə hüquq-mühafizə qurumlarının axtarışında olan 218 nəfər dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Bununla yanaşı, ölkədən çıxışı qadağan olan 265 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.
Dövlət sərhədindən buraxılış məntəqələrində rejim qaydalarının kobud şəkildə pozulması ilə əlaqədar 3 halda 3 nəfər saxlanılaraq müvafiq qurumlara təhvil verilib.