DÜNYA
Yaponiya Bankı Şinzo Abe hökuməti ilə əlaqəli işləyəcəkdir
Tokio, 10 yanvar (AZƏRTAC). Yaponiya Bankı ölkədə inflyasiyanı iki faizlik səviyyəyə çatdırmaq barədə Baş nazirin xahişini nəzərə alaraq monetar siyasətin yumşaldılması üçün əlavə tədbirlər görməyə razılıq vermişdir.
Dekabrın 9-da üç il yarımlıq fasilədən sonra İqtisadi və Fiksal Siyasət Şurasının ilk iclası keçirilmişdir. İclasda Baş nazir Ş.Abe Nazirlər Kabineti ilə Mərkəzi Bank arasında əməkdaşlığın gücləndirilməsinə çağırmışdır.
Parlamentin aşağı palatasına bu yaxınlarda keçirilmiş seçkilər zamanı Ş.Abe Mərkəzi Bankın inflyasiya göstəricisini iki faiz həddinə çatdırmağı hədəf seçməsinin və monetar siyasətin yumşaldılması istiqamətində cəsarətli addımlar atmasının zəruriliyini bildirmişdi.
Yaponiya Bankının müdiri Masaaki Şirakava bildirmişdir ki, bank və hökumət orta hesabla ayda üç dəfə monetar siyasət məsələlərini müzakirə etmişdir. O, bəyan etmişdir ki, bu istiqamətdə fikir mübadiləsi davam etdiriləcəkdir.
M.Şirakava hökumətdən müəyyən zəmanət almaq fikrindədir. Buraya ilk növbədə inflyasiya göstəricisinin arzu edilən həddə çatdırılması üçün konkret tarixin göstərilməsindən imtina edilməsi, həmçinin iqtisadiyyat bərpa olunmadan qiymətlərin qalxacağı halda siyasətin çevik dəyişdirilməsi daxildir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio