DÜNYA
Yaponiyanın Baş naziri COVID-19-a görə yanvarda xaricə səfərlərdən imtina edib
Tokio, 4 yanvar, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida koronavirusun yayılması ilə əlaqədar yanvarda xaricə səfərlərdən imtina etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısı cari ildə təşkil edilən ilk mətbuat konfransında bəyan edib.
“Mən parlamentin növbəti sessiyası işinə başlayanadək istənilən xarici səfəri təxirə salmaq qərarına gəlmişəm”, - deyə Baş nazir bildirib.
Qeyd edək ki, yapon tərəfi rəsmi olaraq F.Kişidanın səfəri barədə konkret məlumat yaymayıb. Lakin ötən ilin sonlarında yerli KİV-lər Baş nazirin yanvarın birinci yarısında ABŞ-a və Avstraliyaya səfər niyyəti barədə məlumat yayıblar.
Əlavə olaraq bildirək ki, Yaponiyada koronavirusun yayılması səviyyəsi çox aşağıdır. Belə ki, bütün ölkə üzrə gündəlik yoluxma həddi 500-600 nəfər təşkil edir. Lakin yerli hakimiyyət orqanları ötən ilin sonlarından başlayaraq yeni yoluxmaların sayının artdığını bildirir. Həmçinin Yaponiyada ötən ilin sonlarından yayılmağa başlayan “omikron” ştamı ilə əlaqədar vəziyyət də narahatlıq doğurur.
Ümumiyyətlə, koronavirus pandemiyası başlayandan bəri Yaponiyada 1,7 milyon nəfər virusa yoluxub, onlardan 18 mini həyatını itirib. Bununla yanaşı, 126 milyon əhaliyə malik olan ölkədə artıq 98,6 milyon (78 faiz) nəfərin peyvəndin hər iki dozasını aldığı bildirilir. Yaxın vaxtlarda isə peyvəndin buster dozasının qəbuluna başlanacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio