DÜNYA
Yaponiyanın Baş naziri istehlak vergisinin artırılması barədə qanunun qəbulundan sonra parlamenti buraxacağını bildirmişdir
Tokio, 27 yanvar (AZƏRTAC). Yaponiyanın Baş naziri Yoşihiko Noda istehlak vergisinin artırılması haqqında qanunlar qəbul edildikdən sonra parlamentin aşağı palatasını ümumi seçkilərin keçirilməsi üçün buraxacağını bəyan etmişdir.
Bu barədə Baş nazir dekabrın 26-da parlamentin aşağı palatasının plenar sessiyasında onun iki gün bundan əvvəl parlamentdə etdiyi siyasi müraciətinin debatları zamanı bildirmişdir.
Y.Noda ölkənin aparıcı müxalifət partiyası Liberal-Demokrat Partiyasının lideri Sadakazu Taniqakinin hakim Demokrat Partiyasının istehlak vergisini artırmaq barədə qərar qəbul etməklə 2009-cu ildə seçkiqabağı vədini pozması barədə ittihamını da rədd etmişdir.
Baş nazir bəyan etmişdir ki, Demokrat Partiyası seçicilərə vəd vermişdir ki, istehlak vergisini artıracağı təqdirdə o, ictimaiyyətin mandatını qazanmağa çalışacaqdır. O vurğulamışdır ki, partiya bu xətti dəyişməmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio