DÜNYA
Yaponiyanın mobil operatoru uçan sferik ekran yaradıb
Bakı, 28 aprel, AZƏRTAC
Yaponiyanın Tiba şəhərində keçiriləcək “Niconico” konfransında “NTT Docomo” regional provayderi multikopter əsasında işləyən mobil ekran konseptini nümayiş etdirəcək. Kiçik sferik formada informasiya ekranı istənilən yerə uça və orada insanlara maraqlı nə isə göstərə bilər.
AZƏRTAC “techcult.ru” saytına istinadən bildirir ki, diametri 88 santimetr təşkil edən kürənin daxilinə güclü kvadrokopter qurulub. Mühəndislər konstruksiyanın fırlanma sürətini və işıq diodlarının sayrışmasını elə seçiblər ki, kürənin müəyyən sahələrində statik şəkil, yaxud dinamik təsvir göstərilsin.
Ekranın təsvir ölçüsü 144x136 pikseldir.
“Docomo” operatorunun rəsmiləri bildiriblər ki, 3,4 kiloqram ağırlığında aparat çox manevrlidir və ictimai meydançalarda istifadə üçün avtonom iş vaxtı kifayət qədərdir. Uçan sferik displey bir çox sahələrdə tətbiq oluna bilər. Məsələn, ekranda istənilən faydalı informasiya, reklam və ya şən şəkillər göstərmək olar.