REGİONLAR
Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi Şirvan şəhərində olub
Şirvan, 9 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Şirvanda şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasovla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə qonağa Şirvan şəhərinin tarixi, əhalisi, sakinlərinin əsas məşğuliyyəti, şəhərin infrastrukturu, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilib. Şəhərdə aparılan abadlıq, quruculuq işlərindən, əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlik tədbirlərdən danışılıb. Yaponiya-Azərbaycan əlaqələrinin son 30 ildə davamlı inkişaf etdiyi vurğulanıb. İki ölkə xalqları və hökumətləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinin önəmi qeyd edilib.
Səfir Vada Cuniçi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O, 1992-ci ildə diplomatik münasibətlərin yaradılmasından bəri Yaponiya-Azərbaycan münasibətlərinin, siyasi, iqtisadi, mədəni və digər sahələrdə davamlı olaraq inkişaf etdiyini bildirib. 2022-ci ilin “Yaponiya-Azərbaycan Dostluq İli” elan edildiyini, 30 illik yubileyə həsr olunacaq tədbirlərin iki ölkə arasında münasibətlərin daha da inkişafına yol açacağını, hər iki xalqın qarşılıqlı anlayışlarının artmasına və onlar arasında münasibətlərin genişlənməsinə vəsilə olacağına inamını ifadə edib, Yaponiya ilə Azərbaycan arasında həyata keçirilən sosial layihələrdən danışıb. Səfər çərçivəsində Vada Cuniçi və İlqar Abbasov şəhərin inzibati ərazisində fəaliyyət göstərən “Cənub Elektrik Stansiyası”nda olublar. Öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra stansiyanın direktoru Üzeyir Yusifov qonaqları müəssisə ilə yaxından tanış edib və istehsal prosesi barədə ətraflı məlumat verib.
Səfir göstərilən diqqətə görə minnətdarlıq edib, qarşılıqlı əlaqələrin xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.