DÜNYA
Yaponiyanın Xarici İşlər Nazirliyi bu ölkənin İmperatoru haqqında bəzi sənədləri məxfilikdən çıxarıb
Tokio, 24 iyul (AZƏRTAC). Yaponiyanın İmperatoru və onun həyat yoldaşı xarici ölkələrə səfərlər etmələrinə baxmayaraq, xarici pasporta malik olmaya bilərlər. Bu, ölkənin Xarici İşlər Nazirliyinin dərc etdiyi məxfilikdən çıxarılmış sənədlərdə öz əksini tapıb.
Məsələ ilə bağlı qərar Yaponiya xarici siyasət idarəsi tərəfindən 1971-ci il mayın 10-da qəbul edilib. Sənəddə bildirilir ki, İmperatora və imperatriçaya müvafiq pasportların verilməsi məqsədəuyğun hesab edilmir. Həmçinin qeyd edilir ki, Yaponiyanın rəmzi hesab edilən İmperatorun adi vətəndaşlar kimi müəyyən olunmuş viza prosedurlarını keçməsi tamamilə məqsədəmüvafiq deyil.
Hazırda İmperator Akihito və imperatriça Miçiko beynəlxalq səfərlər zamanı xarici pasportdan istifadə etmirlər. Eyni zamanda, sənəddə göstərilir ki, İmperator ailəsinin digər üzvləri müvafiq normalara uyğun olaraq diplomatik sənədlərə malikdirlər.
Yaponiya imperatorlarının ailə üzvləri arasında ilk xarici səfərə İmperator Hirohito çıxıb. 1971-ci ildə o, Avropaya səfər edib. Həmin vaxt Yaponiya xarici siyasət idarəsi uzun müddət İmperatorun xarici pasporta malik olması barədə müzakirələr aparsa da sonda monarxa həmin sənədin verilməsi məqsədəuyğun hesab olunmayıb. Bu barədə qərar “Məxfidir” qrifi alıb və o yalnız 43 ildən sonra cəmiyyətə açıqlanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio