Yastı Salman rolu ilə yaddaşlarda qalan sənətkar
Bakı, 8 may, Zərəngiz Mansurova, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli opera ifaçısı, aktyor Firudin Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov ustad sənətkarın yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, Akademik Opera və Balet Teatrının səhnəsində yaddaqalan partiyalar ifa etmiş tanınmış müğənnini tamaşaçılar həm də istedadlı kino aktyoru kimi yaxşı xatırlayırlar. “Böyük dayaq” filmində canlandırdığı Yastı Salman rolu ilə yaddaşlarda qalan F.Mehdiyev “Arşın mal alan”, “Dairə”, “Gecə qatarında qətl”, “Hər şey yaxşılığa doğru”, “Sevil” bədii filmlərində də maraqlı rollar yaradıb.
Tədbirdə Akademik Opera və Balet Teatrının solistlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Qərbi Avropa bəstəkarlarının da əsərləri səsləndirilib.
İfaçıları Cavad Tağızadənin dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edib.
Konsertdə Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Gülnaz İsmayılova və başqalarının ifaları alqışlarla qarşılanıb.