DÜNYA
Yaxın xarici ölkələrin vətəndaşları Rusiyaya xarici pasportlar əsasında gələcəklər
Moskva, 22 may (AZƏRTAC). Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski jurnalistlərə məlumat vermişdir ki, 2015-ci il yanvarın 1-dən etibarən, yaxın xarici ölkələrin vətəndaşları Rusiyaya xarici pasportlar əsasında gələcəklər.
K.Romodanovski yaxın xarici ölkələrlə viza rejimi tətbiq edilməsinin əleyhinə olduğunu bildirmişdir. FMX rəhbəri belə hesab edir ki, RF-yə dəvətnamələr əsasında gəlmək variantı üzərində işləmək lazımdır.
K.Romodanovskinin sözlərinə görə, bu gün yaxın xarici ölkələrlə viza rejimi məsələsi aktual deyildir. O demişdir: “RF-yə miqrantların gəldiyi əsas ölkələrlə vizalar əsasında gəliş variantı müzakirə edilə bilər, lakin burada dəqiqləşdirilməli məqamlar vardır”.
K. Romodanovski vurğulamışdır ki, Moskvada bütün paytaxt vağzallarında miqrasiya postları qoyulacaqdır. O demişdir: “Moskva əcnəbi vətəndaşlar üçün ən cəlbedici subyektlərdən biridir. Bu şəhərdə miqrasiya gərginliyi artmışdır. Burada 228 ölkənin nümayəndələri vardır”.
K. Romodanovskinin sözlərinə görə, 2013-cü ilin əvvəlindən Moskvada 500 min nəfər miqrasiya uçotuna götürülmüşdür, 340 min miqrant isə qanuni əsasla əmək fəaliyyəti göstərir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva