MƏDƏNİYYƏT
“Yeddi gözəl” baleti ilk dəfə Amerika səhnəsində
Tamaşa Azərbaycanın Los- Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə səhnələşdirilib. Səhnə əsəri ABŞ-ın ən böyük opera teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San Dieqo şəhər teatrında (San Diego Civic Theater) təqdim olunacaq.
Baletin musiqisi San Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont kollecinin orkestri tərəfindən ifa ediləcək. Tamaşanın xoreoqrafı San Dieqo baletinin direktoru, yüksək mükafatlar laureatı Xavier Velasko, dirijoru Randal Tviddir. Tamaşada bütün rollar amerikalı balet ustaları tərəfindən ifa ediləcək.
Tamaşanın təbliği məqsədilə Azərbaycanın Los- Ancelesdəki baş konsulluğu tərəfindən xüsusi internet səhifəsi (http://www.sevenbeauties.us) yaradılıb, facebook və twitter kimi sosial şəbəkələrdə də baletlə əlaqədar informasiya xarakterli daim yenilənən səhifələr (https://www.facebook.com/sevenbeauties.us , https://twitter.com/SevenBeauties) istifadəyə verilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton