SİYASƏT
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı idarə heyətinin rayon şurası üzvlərinin və ilk ərazi təşkilatları sədrlərinin geniş yığıncağı keçirilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı idarə heyətinin rayon şurası üzvlərinin və ilk ərazi təşkilatları sədrlərinin geniş yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərinin yekunları, təşkilatın qarşısında duran vəzifələr, prezident seçkilərində fəal iştirak etmiş YAP üzvlərinə fəxri fərmanların verilməsi, təşkilati və cari məsələlərə baxılmışdır.
YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov əvvəlcə partiyanın vahid namizədi İlham Əliyevi seçicilərin 84,5 faizinin səsini toplamaqla üçüncü dəfə Prezident seçilməsi münasibətilə təbrik etmişdir. O demişdir ki, YAP-ın bu seçkilərdə parlaq qələbəsini təmin edən bir neçə amil vardır. Bunlar müasir müstəqil Azərbaycanın müdrik oğlu Heydər Əliyevin hazırladığı mükəmməl, elmi, tarixi, milli və ümumbəşəri dəyərlərə söykənən strategiya, YAP-ın başqa partiyalardan dəfələrlə güclü olması, siyasi mədəniyyətin yüksəkliyi, ideologiyanın sağlamlığı, Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi genişmiqyaslı islahatların parlaq nəticələri, partiyanın öz namizədinin xalq arasında təbliğat-təşviqat işini düzgün qurması və s. amillərdir.
Bildirilmişdir ki, prezident seçkilərində Səbail rayonundan olan seçicilərin 71 faizi səsvermədə iştirak etmiş və onların da 87 faizi məhz İlham Əliyevə səs vermişdir. Bu uğurlu və çox yüksək göstərici bizim məsuliyyətimizi daha da artırmışdır. Biz daha böyük nailiyyətlər qazanmaq üçün uğurlarımızı daha da möhkəmləndirməyi, qələbələrimizin strategiya və taktikasını hazırlamalıyıq. Bu istiqamətdə artıq müəyyən işlərə başlanılmışdır.
Digər çıxış edənlər prezident seçkilərində qazanılan parlaq qələbə münasibətilə Azərbaycan xalqını bir daha təbrik etmiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Sonda təşkilati, cari məsələlərə baxılmış, prezident seçkilərində xüsusi fəallıq göstərmiş bir neçə gəncə fəxri fərmanlar verilmişdir.