SİYASƏT
Yeni Azərbaycan Partiyası zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır
Ağdam, 20 noyabr (AZƏRTAC). Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev partiyanın keçdiyi yoldan, respublikamızın ictimai-siyasi həyatında oynadığı roldan, ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkənin sosial-iqtisadi tərəqqisində xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul edilmiş, ulu öndər Heydər Əliyev partiyanın sədri seçilmişdir.
Məlumat verilmişdir ki, bu gün rayon təşkilatı 5626 nəfər YAP üzvünü birləşdirir. Onlar rayonun ictimai, siyasi, mədəni həyatında fəal iştirak edirlər.
Tədbirdə digər çıxış edənlər ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin ağır vəziyyətindən, belə bir dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından danışmış, YAP-ın ötən 21 il ərzində keçdiyi uğurlu yola nəzər salmışlar.
Bildirilmişdir ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin sonralar qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır.”
Tədbirdə partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilmişdir.
Sonda YAP-ın sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.