İQTİSADİYYAT
“Yeni Daşkəsən” layihəsinə əsasən rayonda infrastruktur tamamilə yenidən qurulacaqdır
Daşkəsən, 3 mart (AZƏRTAC). Daşkəsən rayonunda 2011-ci ilin yekunlarına və 2012-ci ildə görüləcək işlərə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin il ərzində görülmüş işlərə dair məruzəsi dinlənilərək müzakirə edilmişdir.
Məruzə və çıxışlarda bildirilmişdir ki, 2011-ci ildə rayonda sənaye məhsullarının həcmi 100 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 21,9 faiz artmış, 278 yeni iş yeri yaradılmışdır.
Bildirilmişdir ki, keçən il Bayan kəndində və Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni məktəb binalarının inşasına başlanılmışdır.
Heyvandarlıqda məhsuldarlığın artırılması məqsədi ilə 5 kənddə süni mayalama məntəqəsi yaradılmış, 233 baş bala alınmışdır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Daşkəsən fermerlərinə 17 layihə üzrə 211 min manat güzəştli kredit verilmişdir. Təsərrüfatlardan 90 ton kartof, 200 ton taxıl toxumu toplanmışdır.
2012-ci ildə görülməsi nəzərdə tutulan işlər diqqətə çatdırılarkən deyilmişdir ki, “Yeni Daşkəsən” layihəsinə əsasən rayonda infrastruktur tamamilə yenidən qurulacaqdır. 6 məktəb binasının, 2 uşaq bağçasının inşası, su və kanalizasiya sisteminin yenidən qurulması və sair quruculuq tədbirlərinin də həyata keçirilməsi planlaşdırılmışdır. Yığıncaqda işdə yol verilən nöqsanlardan da danışılmışdır. Əsas diqqət rayonun təhsil sistemində mövcud olan problemlərə yönəldilmişdir.
Yığıncağın sonunda 2012-ci ildə görüləcək işlərə dair yekun qərar qəbul edilmişdir.