ELM VƏ TƏHSİL
Yeni sistem istənilən avtomobili pilotsuz idarə etməyə imkan verəcək
Bakı, 25 noyabr, AZƏRTAC
Startap istənilən maşına avtopilot funksiyasını əlavə edən qurğular dəstini təqdim edib.
Artıq avtomobili avtonomsürmə texnologiyalarının üstünlüklərini sınaqdan keçirmək üçün müasir və bahalı avtomobillər axtarmaq lazım deyil. Torontonun (Kanada) “X-Matik” startapı istənilən avtomobili pilotsuzsürmə funksiyası ilə təchiz etməyə imkan verən “LaneCruise” sistemini təqdim edib.
Qurğu bir neçə əsas hissədən ibarətdir: “Brainbox” mərkəzi prosessoru, ön kamera və istifadəçinin sensorlu interfeysi, həmçinin sükan çarxı üçün ötürücülər, tormoz və qaz pedalı üçün qurğular.
AZƏRTAC “naked-science.ru” saytına istinadla xəbər verir ki, “LaneCruise” sistemi nəqliyyat vasitəsinin ətrafındakı obyektlərin aşkarlanması üçün irəliyə baxan və arxa görüntü güzgüsünün altında quraşdırılmış kameralardan istifadə edir. Sistemin “beyni” və ya “Brainbox” sürücünün oturacağının altında quraşdırılıb. O, kameralardan gələn informasiyanı emal edir. Daha sonra “Brainbox” qərar qəbul edərək sükan çarxı üçün ötürücülər və pedal qurğularına idarəedici siqnallar göndərir.