Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 570 hektar əkin sahəsi suvarılacaq
Ağcabədi, 14 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Subartezian quyularının istismarı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, idarənin balansında olan quyuların 855-i əkin və həyətyanı sahələrin suvarılmasında, 94-ü isə içməli su üçün istifadə olunur. Subartezian quyuları vasitəsilə rayonun 34 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 87 ədəd yeni subartezian quyusu qazılaraq istifadəyə verilib.
Prezident İlham Əliyevin 2018-ci il martın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə Ağcabədi rayonunun Hindarx, Poladlı, Taynaq, Sarıcalı, Şərəfxanlı, Bala Kəhrizli, Muğanlı, Hüsülü, Göyük, Minaxorlu, Yuxarı Qiyaməddinli, Şahsevən qəsəbə və kəndlərində, həmçinin Lənbəran qışlağı ərazisində Ağdam Atçılıq Təsərrüfatının sahəsində, ümumilikdə, 19 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq Göyük, Hüsülü və Muğanlı kəndlərində 5 quyu qazılıb. Minəxorlu və Hindarx ərazisində isə 4 quyu qazılır. Qısa vaxtda bütün quyuların qazılması başa çatdırılacaq.
Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 570 hektar əkin sahəsi suvarıla biləcək.