Yeni Zelandiya Okeaniyanın hərbiləşdirilməsinin əleyhinədir
Tokio, 10 aprel, AZƏRTAC
Yeni Zelandiya Okeaniyanın hərbiləşdirilməsinin əleyhinədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Avstraliyanın “The Sydney Morning Herald” qəzetində Çinin Vanuatuda hərbi-dəniz bazası yaratmaq niyyəti barədə dərc edilən xəbərlə əlaqədar jurnalistlərin sualını şərh edərkən bildirib.
Nəşrin Kanberradakı məlumatlı mənbələrə istinadla yaydığı xəbərə görə, Çin Vanuatu ilə Sakit okeanın cənub regionunda hərbi iştirakın mümkünlüyünü müzakirə edib. Xəbərdə qeyd edilir ki, Vanuatu hökumətinə bu barədə hələlik rəsmi təklif bildirilməsə də, Avstraliyanın kəşfiyyat orqanlarının yüksək vəzifəli mənbələri güman edirlər ki, Pekinin planlarının davamı olaraq hərbi bazanın inşası gözləniləndir.
Yeni Zelandiyanın Baş naziri deyib: “Son nəticədə söhbət iki suveren dövlətin arasında aparılan müzakirələrdən gedir. Buna baxmayaraq, mən indi açıq şəkildə bildirirəm və gələcəkdə də cəmiyyət qarşısında bəyan etməyə hazıram ki, biz qətiyyətlə Sakit okean regionunun hərbiləşdirilməsinin əleyhinəyik”.
Xatırladaq ki, Vanuatu Sakit okean Melaneziyasında yerləşən kiçik dövlətdir və Yeni Qebridlər arxipelaqındakı 83 adadan ibarət 12,2 min kvadrat kilometrlik ərazini əhatə edir. Onun şimal-qərbində Solomon adaları, qərbində Avstraliya, cənubunda Yeni Kaledoniya və şərqində Fici Respublikası yerləşir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio