DÜNYA
Yer kürəsinin maqnit qütbləri öz yerini dəyişirmiş
Bakı, 25 yanvar (AZƏRTAC). Alimlər Yer kürəsinin maqnit qütblərinin öz yerini yüksək sürətlə - həftədə bir dərəcə olmaqla dəyişdiyini müəyyənləşdirmişlər. Onların fikrincə, maqnit qütbləri yerin daxilində olan maye halındakı nüvənin hərəkəti nəticəsində yaranır. Şimal qütbü ilə cənub qütbü öz yerini təqribən 200 min ildən bir dəyişir.
Lakin tədqiqatçılar qrupu bu prosesin daha qısa zaman ərzində baş verə biləcəyi haqda dəlillər əldə etmişlər. Belə ki, qütblərin yerdəyişməsi maqnitləşmə qabiliyyətinə malik suxurlarda aydın izlər qoyur. Alimlər ABŞ-ın Oreqon ştatında yerləşən Stins-Mauntin dağı ətrafında vulkanik suxurları tədqiq edərkən belə nəticəyə gəlmişdilər ki, 16,2 milyon il bundan öncə qütblərin yerdəyişməsi daha yüksək sürətlə - gün ərzində 6 dərəcə (normal sürətdən 10 min dəfə çox) olmaqla baş vermişdir.
Daha sonra Nevada ştatındakı Betl-Mauntin dagı ətrafında 15 milyon il yaşı olan vulkanik suxurların araşdırılması həmin dövrdə yerdəyişmənin sürətinin ildə 53 dərəcə olduğunu üzə çıxarmışdı. Bütün bu araşdırmaları kompleks təhlil edən alimlər qütblərin belə sürətli yerdəyişməsi prosesinin Yer kürəsini bütünlüklə deyil, onun yalnız müəyyən hissəsini əhatə etdiyi qənaətinə gəlmişlər.
Bir çox alimlərin fikrincə, yaxın zamanda qütblərin növbəti yerdəyişməsi baş verməlidir. Bu ehtimal bir neçə fakta, həmçinin maqnit qütblərinin zəiflədiyini müşahidə edən peyklərdən alınan məlumatlara əsaslanır.