Yevlaxda ilin üç ayında 152,4 milyon manatlıq ümumi məhsul istehsal olunub
Yevlax, 19 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə Yevlax rayonunda ümumi məhsul istehsalının həcmi 152,4 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 milyon manat və yaxud 1,5 faiz çoxdur. Ümumi məhsul istehsalının 3,4 milyon manatını sənaye, 15,6 milyon manatını kənd təsərrüfatı, 2,3 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına 4 milyon 238 min manat kapital qoyuluşu həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Yevlax rayonunda 2018-ci ilin üç ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, hesabat dövründə tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Bu dövrdə Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Rayonun 12 kəndində meliorasiya işləri davam etdirilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 80 yerlik körpələr evi-uşaq bağçasının, doqquzmərtəbəli 45 mənzilli yaşayış binasının, Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır. 2018-ci ildə Yevlax şəhərində 11 yaşayış binasının dam örtüyünün əsaslı təmir olunması nəzərdə tutulub. Artıq 3 binanın dam örtüyü əsaslı təmir edilib.
Yığıncaqda aqrar sahədə görülən işlərdən bəhs edilərkən bildirilib ki, 2018-ci ilin məhsulu üçün 105 hektarda kartof, 100 hektarda tərəvəz, 3906 hektarda yonca əkilib. Cari ildə 2500 hektarda pambıq becərilməsi nəzərdə tutulub. Hazırda çiyid səpini davam edir.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil olunub, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.