ELM VƏ TƏHSİL
Yüksək Texnologiyalar Parkında ekoloji tələblərə cavab verən qurutma avadanlığı istehsal edilir
Bakı, 8 yanvar, AZƏRTAC
Respublikamızda meyvə-tərəvəz ixracı, o cümlədən bu sahədə müasir emal sahələrinin yaradılması dövlətimizin iqtisadi strategiyasının prioritet istiqamətlərindəndir. AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) tərəfindən bir çox sahələrlə yanaşı, qida sənayesi avadanlığının istehsalına da dəstək verilir.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, texnoparkın inkubator rezidenti sahibkar Fəxrəddin Quluzadə tərəfindən bölgələrimizdə yetişdirilən meyvə və tərəvəzin qurutma üçün daha uyğun növlərinin müəyyən edilərək beynəlxalq bazar tələblərinə cavab verən məhsula çevrilməsi məqsədilə meyvəqurutma avadanlığı istehsal edilir. Bu avadanlıq xammal tutumundan asılı olaraq beş modeldə hazırlanır və isti hava dövriyyəsi yaratmaqla meyvələrin qurudulmasına imkan verir. Müasir elektronika vasitələrinin tətbiqi nəticəsində qurutma prosesinin istənilən mərhələsində məhsula nəzarət etmək və nümunələr götürmək mümkündür.
Qurutma avadanlığından istifadə etməklə yay mövsümündə bol və ucuz olan istənilən meyvə, tərəvəz, giləmeyvə və göyərtini qurudub daha uzun müddət saxlamaq və istehlak etmək mümkündür. Meyvənin çeşidindən və bioloji parametrlərindən asılı olaraq qurutma 5-30 saat arası davam edir.
İqtisadi baxımdan olduqca sərfəli olan, beynəlxalq standartlara və ekoloji təmiz məhsul tələblərinə cavab verən bu avadanlığa ölkəmizlə yanaşı, digər dövlətlərdə də tələbat yüksəkdir. Sifarişdən asılı olaraq 150 kiloqramdan 5 tona qədər tutuma malik qurutma sobası hazırlamaq mümkündür. Qeyd edilən sobalar xarici ölkələrdən alınmış analoji avadanlıqdan iki dəfə ucuzdur və onlara 2 illik zəmanət verilir.
Son iki ildə texnoparkın inkubator rezidenti tərəfindən istehsal edilmiş avadanlıq Zaqatala, Balakən, Qusar, Quba, Xaçmaz rayonlarında müvəffəqiyyətlə istismar edilməkdədir.
Hazırda bu avadanlıqda emal edilmiş alma, gavalı, xurma, üzüm, feyxoa, kivi, portağal, alça, albalı, pomidor, nar və s. meyvələrin quruları nəfis tərtibatda ticarət mərkəzlərində satışa çıxarılıb.
Qeyd edək ki, emal texnologiyasına riayət etməklə bu sobalarda tütün, çay, dəri və s. məhsulları da qurutmaq mümkündür.
Avadanlıq fərdi sahibkar Fəxrəddin Quluzadənin müəllif layihəsi olaraq Azərbaycan Respublikası Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestr şöbəsi tərəfindən 2018-ci yanvarın 22-də qeydə alınıb.