SİYASƏT
Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Polşanın “Bene Merito” fəxri nişanı ilə təltif edilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Polşa Respublikasının Müstəqillik Günü ilə bağlı tədbirlər çərçivəsində bu ölkənin Bakıdakı səfiri Mixal Labenda Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Sultanova Polşa Xarici İşlər Nazirliyinin “Bene Merito” fəxri nişanını təqdim etmişdir.
Polşanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Cahangir Sultanov peşə və şəxsi həyatının böyük bir hissəsini XIX əsrdə Zaqatalada yaşamış polyakların fəaliyyətini əks etdirən sübutların toplanmasına və qorumasına həsr etmişdir. Muzeyin direktoru olaraq C.Sultanov zamanın hökmü ilə Zaqatalaya göndərilən polyakların, əsasən də zooloq və botanik, bu rayonda ilk muzeyin banisi Leonid Mlokoşeviçin bir növ varisi hesab edilir. Muzeydə polyaklarla bağlı sənəd və əşyalar üçün xüsusi yer ayrılmışdır. C.Sultanov topladığı məlumatları “Zaqataladan milyon qızılgül və ya qəhrəman və qızılgüllərin unudulan tarixi” adlı kitabına daxil etmişdir. O, həmçinin yerli pedaqoji təhsil ocağında regionun polyak sakinləri haqqında mühazirələr oxuyur.