ZAQATALADA CARİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələr aprelin 17-də Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə geniş müzakirə olunmuşdur.
Rayon fəallarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələrin icrası, 2008-ci ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, iclasda dövlət başçısı həyata keçirilən iqtisadi islahatların, Dövlət proqramlarının uğurlu nəticələri barədə danışmış, son dörd ildə Azərbaycan iqtisadiyyatının 96 faiz artdığını, ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişafın cari ilin birinci rübündə də davam etdiyini xüsusi vurğulamışdır.
A.Əsgərov əldə edilən uğurlarda Zaqatala rayonunun da xüsusi yeri və payı olduğunu bildirmiş, 2008-ci ilin birinci rübündə rayonda ümumi məhsul istehsalının ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz, o cümlədən sənaye məhsulu istehsalının 11,5 faiz, kənd təsərrüfatı məhsulları istehsalının 13,4 faiz, əhalinin pul gəlirlərinin isə 31,6 faiz artdığını nəzərə çatdırmışdır. Cari ilin ilk üç ayında rayonda 232-si daimi olmaqla, 339 yeni iş yerinin açıldığını bildirən natiq ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbul edilməsindən keçən dövr ərzində rayonda 9611 yeni iş yerinin yaradıldığını, onlardan 5336-nın daimi olduğunu vurğulamışdır.
Məruzəçi bildirmişdir ki, birinci rübdə rayonda bütün maliyyə mənbələri hesabına 7 milyon 883,5 min manatlıq tikinti-təmir və abadlıq işləri görülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,6 faiz çoxdur. Hazırda rayonda əlil və şəhid ailələri üçün 36 mənzilli 2 bina, Zaqatala şəhərində və kəndlərdə 6 yeni məktəb, habelə müxtəlif idarə və təşkilatlar üçün inzibati binalar inşa edilir, körpülər salınır, park və meydanlar, küçələr abadlaşdırılır. Prezident İlham Əliyevin şəxsən iştirakı ilə 2006-cı ilin aprelində təməli qoyulan Müalicə-Diaqnostika Mərkəzinin, habelə lisey binasının tikintisinin artıq başa çatdığını nəzərə çatdıran məruzəçi, hazırda həmin ərazilərdə geniş abadlıq və yaşıllaşdırma işlərinin aparıldığını, eyni zamanda, hava limanı və mərkəzi stadionun inşasının başa çatmaq üzrə olduğunu bildirmişdir.
Müşavirədə çıxış edənlər görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışmışlar.
Müşavirənin sonunda iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.