ZAQATALADA MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYİ İLƏ BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının akt zalında görkəmli yazıçı və alim, əməkdar elm xadimi Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda filialın direktoru, pedaqoji elmlər namizədi Tovuz Eminli 70 illik ömrünün tam yarım əsrini çətin, eyni zamanda mənalı və şərəfli bir sahəyə - bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr etmiş Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafına verdiyi dəyərli töhfələrdən danışmış, onu şifahi xalq ədəbiyyatının, klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişmiş mahir hekayə ustası və romançı kimi dəyərləndirmişdir.
Qeyd edilmişdir ki, Füzuli irsinin mahir tədqiqatçılarından olan Mir Cəlal Paşayev, eyni zamanda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssisi, müasir ədəbi proseslə ciddi maraqlanan nüfuzlu alim, respublikanın əməkdar elm xadimi, milli ixtisaslı kadrların hazırlanmasında, gənc nəslin yetişməsi və təlim-tərbiyəsi sahəsində böyük əmək sərf edən istedadlı pedaqoq olmuşdur.
Konfransda filialın müəllimləri Mübariz Hudulovun “Görkəmli alim, nasir və pedaqoq”, Füzuli Səddinovun “Əsil müəllim, əsil sənətkar”, tələbə Elnarə İbrahimxəlilovanın “Şəxsiyyəti ilə yaradıcılığı arasında körpü salan sənətkar” mövzularında məruzələri dinlənilmişdir.
Konfransın sonunda Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri əsasında filial tələbələrinin hazırladıqları tamaşadan parça nümayiş etdirilmişdir.