REGİONLAR
Zaqatalada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
![](/files/galleryphoto/2022/3/1200x630/16667021525523913021_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16667021524297227141_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16667021522145352847_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16667021522331848851_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666702152564924575_1200x630.jpg)
Zaqatala, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd gün davam edən və şanlı Zəfərlə başa çatan Vətən müharibəsində Zaqatala rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Zaqatala rayonunda da daim uca tutulur, hər zaman ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Zaqatala rayonunun igid oğullarından - Zaqatala şəhərindən olan Rəsul Süleymanlının və Mazıx kəndindən Əhməd Putiyevin şəhadətə yüksəlmələrinin ikinci ili tamam olur.
Şəhidlərin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və sakinlər onların məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, Rəsul Süleymanlı 2002-ci il yanvarın 19-da Zaqatala şəhərində anadan olub. O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin ilk günündən snayperçi kimi döyüşlərə qatılan Rəsul Süleymanlı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 25-də Zaqatala şəhərində torpağa tapşırılıb. Döyüşlərdə göstərdiyi igidliyə görə, ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Əhməd Putiyev 2001-ci il avqustun 12-də Zaqatala rayonunun Mazıx kəndində anadan olub. O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Putiyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.