CƏMİYYƏT
Zərdabda Azərbaycan Gəncləri Günü qeyd olunmuşdur
Zərdab, 1 fevral (AZƏRTAC). Bu gün Azərbaycan gəncləri ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, idman həyatında mühüm qüvvəyə çevrilmişlər. İntellektual zəkaya, böyük idman bacarığına malik olan bu qüvvə indi Vətənimizi beynəlxalq arenada şərəflə təmsil edir. Bu, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin uğurlu nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Zərdabda 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş mərasimdə səslənmişdir.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev gəncləri əlamətdar gün münasibətilə təbrik etmişdir. O, 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının Prezident İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirildiyini, gənc nəslin ictimai həyatımızda get-gedə artan rolunu xüsusilə vurğulamışdır. Qeyd edilmişdir ki, bu gün Zərdabda təhsil, mədəniyyət sahələrində, yeni açılan iş yerlərində çalışanların əksəriyyətini gənclər təşkil edir.
Tədbirdə ötən il rayonda gənclər mərkəzinin istifadəyə verilməsinin gənc nəslin təlim-tərbiyəsində, onların təşkilatlanmasında rolundan, gənclərlə bağlı çoxsaylı tədbirlərdən danışılmışdır. Son illər idmanın inkişafından bəhs olunaraq bildirilmişdir ki, təkcə 2011-ci ildə idmançılar 31 rayondaxili, 10 zona, 11 respublika yarışlarında iştirak etmişlər. Zərdablı idmançılar ötən il Azərbaycan çempionatında 11 qızıl, 5 gümüş, 2 bürünc, beynəlxalq yarışlarda isə 10 qızıl, 5 gümüş, 7 bürünc medal qazanmışlar.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ilin Azərbaycanda “İdman ili” elan edilməsinin respublikamızda, o cümlədən Zərdabda idmanın daha da inkişafına güclü təkan verəcəyi diqqətə çatdırılmışdır.
Mərasimdə elm, təhsil və idman sahələrində fərqlənən bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.
Rayonun bədii özfəaliyyət kollektivlərinin tədbir boyu təqdim etdikləri musiqili-əyləncəli proqram iştirakçılarda xoş ovqat yaratmışdır.