CƏMİYYƏT
Zərdabda dövlət-din münasibətləri mövzusunda seminar-treninq keçirilmişdir
Zərdab, 24 dekabr (AZƏRTAC). Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Zərdabda “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nin məsləhətçisi Nahid Məmmədov, komitənin Qarabağ şöbəsinin rəhbəri Əlizadə Nəcəfov, Zərdab şəhər məscidinin axundu Hacı Feyzulla Tağıyev, məscidin əfəndisi Hacı Yusif Məmmədov və başqaları çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərinin demokratik əsaslarla qurulduğunu, dini azadlıqların tam təmin edildiyini diqqətə çatdırmışlar. Azərbaycanda hökm sürən tolerantlığın dünya ölkələri üçün nümunə olduğu bildirilmişdir.
Qeyd edilmişdir ki, ölkəmizdə sabitliyi pozmaq məqsədi ilə dini ekstremizmin baş qaldırmasında maraqlı olan xarici qüvvələr müxtəlif təxribatlar törətməyə cəhd göstərirlər və hər dəfə bu cəhdlərin qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınır.
Seminarda dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsində dini qurumların, din xadimlərinin üzərinə düşən vəzifələr geniş şərh olunmuşdur.
Tədbirin sonunda dövlət qeydiyyatından keçmiş 16 dini icmaya şahadətnamələr verilmişdir.