CƏMİYYƏT
Zərdablılar ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirmək barədə təşəbbüs irəli sürmüşlər
Zərdab, 25 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013-cü il 21 yanvar tarixli Sərəncamı ilə əlaqədar zərdablılar yeni bir təşəbbüs irəli sürmüşlər.
Sakinlər yubileyədək rayon ərazisinə, o cümlədən magistral yolların kənarına 9000 ədəd müxtəlif cinsdən olan ağac əkəcəklər.
AZƏRTAC xəbər verir ki, artıq rayonda ağacəkmə kampaniyasına başlanılmışdır. Kampaniyanın ilk günündə Zərdab-Ucar magistral yolunun kənarında, təbii fəlakətdən zərər çəkən ailələr üçün salınmış qəsəbədə, habelə Heydər Əliyev parkında 1000 ədəd sərv, küknar, şam və türk qovağı cinsindən olan ağac şitili əkilmişdir.
Tədbirdə rayon sakinləri mütəşəkkillik nümayiş etdirmişlər. Ağac əkinində idarə, müəssisə və təşkilatlardan, təhsil müəssisələrindən yüzlərlə sakin, xüsusilə gənclər yüksək fəallıq göstərmişdir.
Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiram olaraq may ayınadək rayon mərkəzində, Zərdab-Ucar, Zərdab-Mollakənd, Zərdab-Ağcabədi avtomobil yollarının kənarında, 42 yaşayış məntəqəsinin ərazisində daha 8000 ədəd ağac əkiləcəkdir.