HEYDƏR ƏLİYEV - 1
Ulu Öndərin anadan olmasının ildönümü Ər-Riyadda da qeyd edilib
Bakı, 11 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində tədbir təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İştirakçılar qarşısında çıxış edən ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb. O, Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci mərhələsindən söz açaraq bildirib ki, hələ sovetlər dövründə Ulu Öndər respublikamızın gələcək müstəqilliyi yolunda mühüm addımlar atıb və bugünkü müstəqilliyimizin ilk təməllərini yaradıb. Səfir Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi, ölkənin hərtərəfli inkişafı üçün atdığı mühüm addımlar, bütün fəaliyyəti dövründə azərbaycançılıq ideologiyasına xidməti barədə geniş məlumat verib.
Diplomat Heydər Əliyev siyasi kursunun hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ş.Abdullayev ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində və ötən il Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, 30 ildən çox müddətdə düşmən işğalı altında qalan torpaqlarımızın əbədi azadlığa qovuşduğunu qeyd edib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin məharətlə yürütdüyü xarici siyasət kursundan bəhs edərək, ölkə başçısının Azərbaycanın regional və qlobal müstəvidə mövqelərinin möhkəmləndirilməsi, tərəfdaş və müttəfiqlərinin sayının artırılması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuzlu və ciddi təsir imkanlarına malik önəmli aktorlarından birinə çevrilməsi istiqamətində həyata keçirdiyi və yalnız milli maraqlara söykənən xarici siyasət kursunun azərbaycanlılar üçün qürur mənbəyi olduğunu vurğulayıb.
Səfir çıxışının sonunda Ulu Öndərin qoyduğu irsin və Azərbaycanın tərəqqisi yolunda müəyyənləşdirdiyi kursun davam edəcəyinə əminliyini ifadə edib.
Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən “Tarixin izi ilə” adlı sənədli film nümayiş etdirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Səudiyyə Ərəbistanının “Əl-Hadas” elektron portalında səfir Ş.Abdullayevin “Heydər Əliyev: Tarixi lider və müasir Azərbaycan intibahının banisi” sərlövhəli məqaləsi dərc olunub. Yazıda dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında ərəbdilli oxuculara geniş məlumat verilib.