SİYASƏT
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi dairə seçki komissiyası prezident seçkilərinə hazırdır
Göygöl, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi dairə seçki komissiyasında da ciddi hazırlıq işləri görülmüşdür. Seçki məntəqələri təmir edilmiş, ən zəruri avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzi Seçki Komissiyasından alınan təlimatlar seçki komissiyası üzvlərinə çatdırılmış, onlarla maarifləndirici treninqlər keçirilmişdir.
Dairə seçki komissiyasının sədri Abbas Zalov AZƏRTAC-a demişdir ki, seçkilərdə 74 məntəqə fəaliyyət göstərəcəkdir ki, onlardan da 46-sı Göygöldə, 28-i isə Daşkəsəndədir. Ümumilikdə 39 min 786 seçici qeydə alınmışdır ki, bunlardan da 2565 nəfəri ilk dəfə seçkilərdə iştirak edənlərdir. Seçkiləri 500 nəfərə yaxın müşahidəçi izləyəcəkdir.