Dənizkənarı Milli Parkda Gənclərin Sağlamlıq Festivalı keçirilib VİDEO
Bakı, 6 aprel, Həsrət Mahmudova, AZƏRTAC
Aprelin 6-da Dənizkənarı Milli Parkda Gənclərin Sağlamlıq Festivalı keçirilib, qaliblər mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, festivalda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsindən danışaraq, bu cür tədbirlərin bölgələrimizi də əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, Ümumdünya Fiziki Aktivlik Günü ilə əlaqədar belə festivalın keçirilməsi ölkəmizdə gənclərin idmana cəlb olunması baxımından da mühüm əhəmiyyətə malikdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Ümumdünya Fiziki Aktivlik Günü neçə ildir bölgələrimizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Biz hər zaman çalışırıq ki, fiziki aktivlik üçün lazımi şərait yaradılsın və hər bir yeniyetmə, gənc bu işlə məşğul ola bilsin. Gənclər öz sağlamlıqları üçün idmanla məşğul olmalıdırlar. “Bu gün Azərbaycan gündən-günə güclənir. Müstəqil Azərbaycanın sağlam gənclərə ehtiyacı var. Ulu Öndərin gənclərə ən böyük arzusu ondan ibarət idi ki, müstəqil dövlətin yeni nəsli formalaşsın, öz kökünə, milli dəyərlərinə bağlı, dilini, Vətənini sevən gənclik formalaşsın və sağlam mühitdə böyüsün”, - deyə o qeyd edib.
“İnkişaf naminə idman” İctimai Birliyinin sədri Mehman Kərimov deyib ki, 6 aprel həm də dünyada Beynəlxalq Sülh və İnkişaf naminə İdman Günü kimi qeyd olunur. Ona görə də bu gün ikiqat bayramdır.
Festivalda bildirilib ki, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirirlər. Bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “İnkişaf naminə idman” İctimai Birliyi tərəfindən keçirilən mədəni-kütləvi aksiyanın məqsədi əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş aksiyanın rəsmi açılışından sonra Bakı şəhərinin 11 rayonunun məktəbliləri arasında estafet yarışları keçirilib. Bədii musiqili hissədə müğənnilərin, akrobatların nümunəvi çıxışları, boccia yarışı, zumba rəqsi təşkil olunub.
Sonda 1-ci, 2-ci və 3-cü yerləri tutan Xəzər, Binəqədi və Nərimanov rayonlarının məktəbləri diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb, festivalda iştirak edən bütün şagirdlər isə sertifikatlarla təltif olunublar.