Azərbaycanın enerji strategiyası milli gücü qlobal təsirə çevirən uğurlu modeldir – ŞƏRH
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycanın müstəqillik tarixində enerji siyasəti yalnız iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, milli təhlükəsizliyin və beynəlxalq nüfuzun möhkəmləndirilməsinin əsas sütunlarından biri olub. Müstəqilliyinin ilk illərində son dərəcə mürəkkəb geosiyasi və geoiqtisadi şəraitdə fəaliyyət göstərən Azərbaycan öz təbii sərvətlərini milli maraqlar çərçivəsində idarə etməyi bacararaq enerji diplomatiyasını dövlətçilik strategiyasının ayrılmaz hissəsinə çevirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu bildirib.
Mərkəz sədri qeyd edib ki, Azərbaycanın enerji siyasətinin uğuru təkcə neft və qaz ehtiyatlarının mövcudluğu ilə bağlı deyil. Əsas amil həmin resursların milli maraqlara uyğun şəkildə idarə olunması və strateji baxış əsasında beynəlxalq əməkdaşlıq modelinin qurulmasıdır. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə ağır bir mərhələdən keçirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğal olunması, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik və xarici təsirlərin güclənməsi ölkə qarşısında ciddi çağırışlar yaradırdı.
“Belə bir dövrdə dövlət institutlarının formalaşdırılması, milli ordunun qurulması və iqtisadi inkişaf modelinin müəyyənləşdirilməsi həyati əhəmiyyət daşıyırdı. Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində enerji resursları ölkənin gələcək inkişafının əsas dayaqlarından birinə çevrildi. Bu prosesin təməlində isə 1994-cü ildə imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan tarixi sənəd dayanırdı”, – deyə Telman Nüsrətoğlu vurğulayıb.
Ekspert qeyd edib ki, həmin müqavilə təkcə iqtisadi layihə deyildi. Bu sənəd Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasını sürətləndirən, ölkəyə xarici investisiyaların cəlb edilməsinə imkan yaradan və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən strateji qərar idi.
Onun fikrincə, “Əsrin müqaviləsi” ilə başlayan proses sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və TAP kimi nəhəng enerji layihələrinin reallaşmasına zəmin yaratdı.
“Azərbaycan dünyanın aparıcı güclərinin maraqlarının kəsişdiyi son dərəcə həssas bir coğrafiyada yerləşir. Belə bir regionda həm müstəqilliyi qorumaq, həm enerji resurslarını qlobal bazarlara çıxarmaq, həm də milli maraqları təmin etmək böyük diplomatik məharət tələb edirdi. Azərbaycan bütün bu vəzifələri uğurla yerinə yetirdi. Bu baxımdan ölkəmizin enerji diplomatiyası beynəlxalq münasibətlər sahəsində öyrənilməli olan mühüm nümunələrdən biridir”, – deyə ekspert bildirib.
Telman Nüsrətoğlunun sözlərinə görə, Azərbaycanın uğurunun əsas səbəblərindən biri balanslaşdırılmış xarici siyasət yürütməsi olub: “Azərbaycan heç vaxt regionu qarşıdurma meydanına çevirməyə çalışmadı. Əksinə, enerji layihələrini əməkdaşlıq və qarşılıqlı fayda platforması kimi təqdim etdi. Bunun nəticəsində həm qonşu ölkələrlə, həm də Avropa və digər tərəfdaşlarla etibarlı münasibətlər formalaşdı. Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş kimi tanınırsa, bu, uzun illər ərzində həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. Enerji layihələrindən əldə edilən gəlirlər ölkənin iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Məhz bu imkanlar hesabına müasir infrastruktur yaradılıb, sosial proqramlar həyata keçirilib, nəqliyyat-logistika şəbəkələri inkişaf etdirilib və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan atəşkəs dövründə iqtisadi potensialını hərbi gücə, texnoloji inkişafa və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönəldə bildi. Bu siyasət son nəticədə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası üçün möhkəm zəmin yaratdı. Enerji strategiyası ilə dövlət təhlükəsizliyi siyasəti bir-birini tamamlayan proseslər kimi inkişaf etdi”.