Şimal bölgəsindəki məntəqələrdə seçicilər səsvermədə fəal iştirak edirlər VİDEO
Xaçmaz , 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 11-də səhər saat 8:00-da şimal bölgəsindəki seçki məntəqələrində prezident seçkilərinə uğurla start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şimal bölgəsinə aid Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. Bu regionda qeydə alınan seçicilərin sayı 282 min 293 nəfərdir. Onlardan 4 min 719 nəfəri ilk dəfə səs verən gənclərdir. Bölgənin ən yaşlı seçicisi isə Siyəzən rayonunun Böyük Həmyə kəndinə yaşayan 109 yaşlı Nəzimə Dəmilovadır.
Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, məntəqələrdə səsvermənin ilk anlarından seçici fəallığı müşahidə olunur.
Şimal regionunda seçki prosesini yerli və xarici müşahidəçilər izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.