Şəki-Zaqatala bölgəsində prezident seçkisi seçicilərin fəallığı şəraitində başlanıb VİDEO
Şəki-Zaqatala bölgəsi, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 11-də respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da Azərbaycan Respublikasının Prezidenti seçkilərinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 418 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.
Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 383 min 926 nəfərdir. Onlardan 7 min 189 nəfəri seçkidə ilk dəfə iştirak edir. Bu dairələr üzrə yaşı 100-dən yuxarı olan 15 seçici qeydə alınıb. Seçkiyə 5 gün qalmış 113 saylı Şəki şəhər seçki dairəsinin tərkibində, Şəki Penitensiar Xidmət Müəssisəsində əlavə seçki məntəqəsi də yaradılıb və bu məntəqədə 866 vətəndaş səsvermə hüququndan istifadə edəcək.
Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, həmçinin etibarlı rabitə sistemi və elektrik generatorları ilə təchiz olunub. Səsvermənin gedişini onlayn rejimdə izləmək üçün 70-dən çox seçki məntəqəsində veb-kamera quraşdırılıb. Eyni zamanda, bu dairələr üzrə seçkilərin gedişini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 4 min 457 nəfər yerli müşahidəçi, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri izləyirlər.
AZƏRTAC-ın bölgə müxbiri 112 saylı Qax seçki dairəsinin 4 saylı seçki məntəqəsində səsvermə prosesinin başlanmasını izləyib. Rayon Mədəniyyət Mərkəzində yerləşən məntəqədə 1090 seçici qeydə alınıb. Onlardan 47 nəfəri seçkilərdə ilk dəfə iştirak edirlər. Səsvermənin gedişi veb-kamera vasitəsilə müşahidə olunur. Səsvermə seçicilərin ruh yüksəkliyi və fəallığı şəraitində başlanıb.
İlk olaraq Qax şəhər sakini, 82 yaşlı ağsaqqal Allahyar Qardaşov seçki bülletenini götürüb, seçimini edərək bülleteni seçki qutusuna atıb. Seçici ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu seçkidə iştirak etməkdən qürur hissi keçirdiyini, istədiyi namizədə səs verdiyini bildirib. Digər seçicilər də məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını qeyd ediblər.