Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Patent hüququ Müqaviləsi”nə dair seminar keçirilir YENİLƏNİB 2 VİDEO

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Azərbaycan Respublikasının Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Əqli Mülkiyyət Agentliyi və ÜƏMT-nin birgə təşkilatçılığı ilə “Patent hüququ Müqaviləsi"nə dair seminar öz işinə başlayıb. Beynəlxalq tədbir dövlətimizin başçısının müvafiq Sərəncamından irəli gəlir və orada qeyd edildiyi kimi, Patent alınması prosesini sadələşdirən “Patent hüququ Müqaviləsinə” (“Patent Law Treaty") qoşulmaq üçün müvafiq tədbirlərin görülməsi ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, seminarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanın uğurlu və innovasiyalı inkişafından, yeniləşməsindən danışıb. Xatırladıb ki, fevral ayında Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında söylədiyi nitqində Azərbaycana yatırılmış investisiyaların ümumi həcminin 250 milyard dollara yaxın olduğunu və bunun yarısının xarici investisiyalar olduğunu bildirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən, Azərbaycan 25-ci yerdədir. Beləliklə, Azərbaycan möhtəşəm uğur qazanıb və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biridir.

Kamran İmanov qeyd edib ki, ölkəmizin uğurlu inkişafını 2019-cu ilin ilk ayının yekunları da təsdiqləyir: ümumi iqtisadi artım 3 faiz, qeyri-neft sektorunda 14 faiz təşkil edir.

Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı-dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət (ƏM) sahəsində geniş miqyasda həyata keçirilir. 2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində ƏM sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verib. Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verilib və onun tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb, yeni nizamnamələri təsdiq edilib. Nəticədə ƏM sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış, yığcam dövlət qurumu fəaliyyətə başlayıb.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vurğulayıb ki, yeni qurumun qarşısında duran vəzifələr dövlət başçısının göstərişlərinə əsasən, daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahənin idarə edilməsidir, müəllif-hüquq sahəsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təminidir. Bununla yanaşı, müxtəlif obyektiv və subyektiv səbəblərə görə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulması, onun elektron, rəqəmli kitabxanaya çevrilməsidir.

Bəllidir ki, innovasiyalı inkişafın başında yenilikçilik, onun mənimsənilməsi, kommersiyalaşması, bazara çıxarılması və istehlakçılara çatdırılması dayanır. Bu isə ixtiralarla bağlıdır, çünki “bəşəriyyətin tarixi elə ixtiralar tarixidir”, əqli mülkiyyət tarixinin salnaməsidir. Belə şəraitdə müəlliflik hüququ ilə qorunan elmi-texniki əsərlər bilik daşıyıcıları kimi müstəsna rola malikdir, bunların sayəsində ixtiralar və digər ƏM obyektləri yaranır və qorunur. Bu səbəbdən bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən elmi-texniki kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır.

Tədbirdə ÜƏMT-nin patent hüququ şöbəsinin hüquqi məsələlər üzrə əməkdaşı Aida Dolotbayeva seminarın əhəmiyyətindən danışıb, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə yüksək səviyyədə əməkdaşlıq qurulduğunu deyib.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov rəhbərlik etdiyi qurumun vəzifələrindən danışıb. Bildirib ki, Agentliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip Azərbaycan Prezidentinin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdir. Bununla da ƏM investisiyalarının cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevrilmək, yeni texnologiyaların kommersiyalaşdırılmasını dəstəkləmək və özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amilləri sırasında yerini tutmaq - Əqli Mülkiyyət Agentliyinin başlıca vəzifəsidir.

Kamran İmanov qeyd edib ki, texnologiyaların indiki sıçrayış dövründə və innovasiyaların “rəqəmsal imperativ” zamanında innovativ inkişaf - tədqiqatlar nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və ƏM-in yaratdığı insan kapitalının ekosistemidir. Tanınmış mütəxəssislərin fikrinə görə, “gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diktə ediləcəyi və onu idarə etməsi qaçılmazdır”. Bununla da texnologiyaların ƏM-in mövcud landşaftına köklü təsiri və öz növbəsində əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması vurğulanmalıdır.

Patent təşkilatları zamanın çağırışlarına adekvat cavab axtarışında yeni paradiqma mövqeyindən yanaşaraq, fəaliyyətinin təhlilində özünəməxsus daxili göstəricilər çərçivəsindən çıxmalı və patent sahəsinin fəaliyyətini onun innovasiyalı proseslərə təsiri ilə ölçməlidir.

Çünki innovativ iqtisadiyyatda innovasiyalar istehsalatın əsas amili kimi əsas iqtisadi resursa - intellektual kapitala söykənir və varlığın, zənginliyin yaranma mənbəyi texnoloji, intellektual və informasiya rentasından irəli gəlir. Bu amillərə Əqli Mülkiyyət Agentliyi öz payına düşən təsiri müəyyənləşdirməlidir. Bununla əlaqədar, milli patent sistemində ilk dəfə olaraq ölkələrarası müqayisədə qabaqcıl dünya təcrübəsinin indeks və göstəriciləri, o cümlədən ixtira və patent aktivliyi, özünü təmin etməsi, asılılığı, yayılması, reallaşması və digər əmsallar son 8 illik fəaliyyət əsasında müəyyənləşdirilib və ümumi mənzərəsi açıqlanıb. Bu araşdırma nəticəsində zəif yerlər, çatışmazlıqlar aşkar edilərək, gələcək fəaliyyətin yol xəritələri hazırlanıb.

Doğrudur, 2018-ci ilin Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, “Təsisatlar” altindeksində “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Lakin biz irəliyə baxmalıyıq, problemləri aradan qaldıraraq, ehtiyatlarımızı təftiş etməliyik.

Kamran İmanov sonra Əqli Mülkiyyət Agentliyinin qarşısında duran funksional vəzifələr barədə danışaraq vurğulayıb ki, Agentliyin əsas vəzifəsi, ilk növbədə, dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasətinə ƏM-in təsiri və innovativ inkişafa adekvat xidmət etməsi ilə bağlıdır. Bununla yanaşı, beynəlxalq miqyasda ƏM ilə bağlı yeni amillərin nəzərə alınması da vacibdir. Belə ki, ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çıxarılması, kiçik və orta sahibkarlığın iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, ƏM siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması, həmçinin ƏM-in yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının ƏM-ə istiqamətlənməsi yeni amillərdəndir.

Bunlar nəzərə alınmaqla bir sıra vacib işlər görülür. Bu sırada patent və əmtəə nişanlarına aid qanunvericilikdə islahat xarakterli dəyişikliklər və uzunmüddətli Əqli Mülkiyyət Strategiyasının hazırlanmasını, ixtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin ölkəmizin patent alınmasını sadələşdirən “Patent hüququ Müqaviləsi”nə (PLT) qoşulması, Texnologiyalara və İnnovasiyalara Dəstək Mərkəzinin tezliklə fəaliyyətə başlamasını qeyd etmək olar. Habelə elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün universitetlərdə, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, mövcud ofislərin isə tezliklə texnologiyaların kommersiyalaşdırılması və transferi ofislərinə (TKTM) çevrilməsini qeyd etmək olar. Bununla yanaşı, Texnologiyaların Kommersiyalaşdırılması və Texnologiya və İnnovasiyalara Dəstək mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyinin nəzdində yaradılması da görülən işlərdəndir.

Mühüm işlər sırasında şəffaflığı təmin etmək, patent, əmtəə nişanlarının sifarişçiləri və ekspertiza və digər xidmət göstərənlərlə kontaktsız münasibət qurmaq məqsədilə ASAN tipli “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” "PƏNAH" rəqəmli informasiya sisteminin yaradılması işlərinə başlanılıb.

Sadalanan işlər artıq həyata keçirilir, yaradılan strukturların biznes-layihələri hazırlanır, lazımi tədbirlər görülür.

Kamran İmanov daha sonra milli patent qanunvericiliyinin bir neçə dəyişikliyi üzərində dayanıb və qeyd edib ki, müəlliflik hüququnda müəlliflərin və cəmiyyətin maraqları arasında “qızıl orta” olduğu kimi, patent hüququnda da iddiaçılar və cəmiyyətin maraqları arasında tarazlıq təmin edilməlidir. Bunun nəticəsi olaraq, müəllif-hüquq strukturları və ya patent təşkilatları müəyyən hakim funksiyaları daşıyırlar.

Müəlliflik hüququndan söhbət getdikdə, struktur bu növ funksiyaları yerinə yetirməkdə çətinlik görmür. Çünki açıqlanmış əsərlərə avtomatik qorunma, ictimaiyyətə həmin əsərlərlə tanış olmaq imkanı verilir və müəllif-hüquq strukturunda əsərlərin qeydiyyatı könüllüdür.

Patent hüququna gəldikdə - patent təşkilatı tərəfindən hakim funksiyalarının yerinə yetirilməsi mürəkkəbləşir. Məsələ ondadır ki, hüquqi qorunma yalnız ekspertizanın müsbət qərarı verildikdən, patentin qeydə alınmasından, yəni zəruri qeydiyyatdan keçdikdən sonra başlana bilər, özü də ictimaiyyət patentin verilmə prosedurlarında bilavasitə iştirak etmədən. Beləliklə, iddiaçıların və ictimaiyyətin maraqları nəzərə alınmaqla, yoxlanma qeydiyyat sistemində patent təşkilatı hakim funksiyaları ilə yanaşı, müəyyən mənada cəmiyyətin maraqlarına da təmsilçilik edir və bu səbəbdən istər-istəməz patentlərin verilməsi istiqamətinə deyil, verilməməsi istiqamətinə daha çox diqqət yetirir.

Bunu Avropa Patent Təşkilatı, Avrasiya Patent Təşkilatının təsdiq etdiyi təcrübə də göstərir. Belə ki, milli patent təşkilatı getdikcə daha çox öz müştərilərinə xidmət göstərən struktur kimi çıxış etməli və buna əsaslanaraq, xidmətlərin göstərilməsini ləngidən bürokratik əngəllərin götürülməsi və formallıqlar prosedurlarının azalması istiqamətində çalışmalıdır, ekspertiza işlərini tezləşdirməlidir, güzəştlər sistemini, vergi preferensiyalarını tətbiq etməlidir. Təbii ki, bu səpkidə PLT Müqaviləsinin əhəmiyyəti danılmazdır və ən qısa müddətdə PLT üzvləri sırasına daxil olmağa vacib məsələ kimi baxılır. Dövlət başçısının müvafiq Sərəncamında prioritet istiqamətlərdən biri kimi PLT-yə daxil olmaq məsələsi qoyulub və bununla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Aydın olmayan səbəblərdən, keçmişdə PLT-yə daxilolma prosesi yubanıb. Bəlkə də bunun səbəbinin biri milli patent qanunvericiliyinin köhnəlməsidir və bu səbəbdən patent qanunvericiliyinin müasir tələblərə uyğun olaraq yenilənməsi işi hazırda sürətlə gedir. İkincisi, patentlərlə bağlı cəmiyyətin məlumatlanmasına, informasiyaların çatdırılmasına daha çox diqqət yetirilməlidir. Məlumatlanma, informasiyaların çatdırılması istər çap məhsulları, Patent təşkilatının bülleteni, istərsə də cəmiyyətə iddia materiallarının, sənədlərinin tanış olmaq təqdimatı ilə həyata keçirilməlidir. Lakin bu zaman bir vacib şərt yerinə yetirilməlidir - xüsusən patent və müəlliflik hüququ arasındakı əlaqə nəzərə alınmalıdır.

Çox zaman tətbiqi incəsənət əsərlərinin və sənaye nümunələrinin, inteqral sxem topologiyalarının və kartoqrafik əsərlərin hüquqi qorunmasındakı əlaqələr, əmtəə nişanlarının müəlliflik hüququ ilə qorunmasının mümkünlüyü, əsərlərin adlarının əmtəə nişanları sırasında sərbəst istifadəsinə məhdudiyyətlər haqqında əlaqələrdən söhbət açılır. Lakin reallıqda patent və müəlliflik hüququ arasındakı əlaqə daha dərindir. Məsələ burasındadır ki, patentə iddia sənədləri müəllif-hüquq obyektləridir.

Həqiqətən müəllif-hüquq obyekti 3 şərtin yerinə yetirilməsi ilə ərsəyə gəlir. Bu sıraya əsərin obyektiv formada təqdim olunması, əsərin yaradıcı xarakter daşıması və yaradılan əsərdə digər əsərlərdən istifadə edilməsinin qanuniliyinə əməl olunması daxildir.

Birinci şərt daim yerinə yetirilir, çünki iddia (sifariş) patent təşkilatına kağız daşıyıcıda və ya elektron formada təqdim edilir və bu da obyektiv forma deməkdir. İkinci şərt də yerinə yetirilir, çünki heç kim iddia sənədinin tərtib edilməsində yaradıcılıq fəaliyyətinin olmaması haqqında iddia irəli sürə bilməz, əslində ixtiraçı ikili yaradıcıdır: o ixtiranı yaratmaqla yanaşı, onun mahiyyətini iddia sənədlərində elmi-texniki əsər şəklində təqdim edir. Nəhayət, üçüncü şərt yalnız törəmə və tərtibat əsərlərinə aiddir, lakin müstəqil əsərlərə, o cümlədən qorunma sənədlərinin alınması üçün patent iddia sənədlərinə aidiyyəti yoxdur.

Beləliklə, iddia sənədləri əsərlərin hüquqi qorunması şərtlərinə tamamilə uyğundur və bu səbəbdən iddia materialları müəllif-hüquq obyektləri sırasına daxildir. Bu hüquqi qorunma Bern Konvensiyasına uyğun olaraq, əsərin yarandığı andan əmələ gəlir və heç bir formallıqla (qeydiyyat, deponə, çap, açıqlama və s.) əlaqəli deyil, yəni avtomatik qorunma prinsipi əsasında meydana gəlir. Deməli, ixtiraçının iddia sənədlərinə mövcud olan müəlliflik hüququ iddia sənədinin hazırlanması anından başlayaraq, sənədin Patent təşkilatına təqdim edilməsi anına qədər yaranmış olur və patentin alınmasına aid müvafiq formaların doldurulması bir tərəfdən əsərin obyektiv formada mövcudluğunu, digər tərəfdən onun müəyyən mənada “dərc edilməsini” təsdiqləyir, özü də bu, gələcəkdə Patent təşkilatı tərəfindən həmin ixtira haqqındakı məlumatların rəsmi açıqlanmasından asılı olmayaraq baş verir. Yaranmış şəraitdə müəllif-hüquq qanunvericiliyinin normalarına uyğun olaraq, əsərdən hər növ istifadə yalnız müəllifin (hüquq sahibinin) yazılı icazəsi ilə həyata keçirilə bilər. Lakin bunlara əməl edilmədən iddia materialları dərc olunur, üstəlik surətləri (nüsxələri) çıxarılaraq qeyri-müəyyən şəxslər dairəsinə yollanılır.

Bir sözlə, ixtiraçı və patent təşkilatı arasındakı lisenziya (icazə) sazişi bağlanmadan, hətta iddiaçının doldurduğu formalarda da hüquqi nəticələr haqqında xəbərdarlıq edilmədən müəlliflik hüququ ilə qorunan iddia sənədləri dərc edilir. Beynəlxalq hüquqi aktlara əsasən, istisnalara və məhdudiyyətlərə unifikasiya çərçivəsində “üçpilləli test” işlənilir (Bern, Roma Konvensiyaları, TRIPS Sazişi, ÜƏMT-nin internet müqavilələri, Avropa Direktivi) və onun mahiyyəti aşağıdakılara əsaslanır:

-bütün məhdudiyyətlər “numerus clauses” prinsipinə görə qurulur, yəni hüququn özünün hamı tərəfindən tanınan ümumi xarakteri nəzərə alınmalıdır, məhdudiyyətlər isə yalnız xüsusi hallara aid edilir;

-məhdudiyyətlər əsərlərin normal istifadəsinə ziyan vurmur;

-məhdudiyyətlər müəllifin qanuni maraqlarını əsassız məhdudlaşdırmır.

Göründüyü kimi, “Üçpilləli test” qaydaları iddia materiallarından sərbəst istifadəyə imkan vermir, çünki bu vəziyyətdə müəllifin qanuni maraqlarına əsassız zərər gətirilir. Əslində ixtiralar haqqında icazəsiz məlumatların yayılması ixtiraçılara və dövlətə birbaşa və çox zaman nəzərəçarpan dərəcədə ziyan vurur, çünki bu səbəbdən ən yaxşı ixtiralar haqqında məlumatlar digər ölkələrdə sərbəst istifadə olunmaqdadır.

Vurğulanıb ki, ixtiraçının patentlə bağlı iddia sənədlərinə aid müəlliflik hüququnun pozulması probleminin həlli iki yolla aradan qaldırıla bilər:

- iddia sənədlərinin doldurulan formalarında iddiaçının həmin sənədlərin dərci ilə bağlı hüquqi nəticələrlə tanış olması və razılaşmasına dair göstəriş vasitəsilə;

- ABŞ-ın patent qanunvericiliyinə uyğun olaraq (əksər ölkələrdən fərqli), patent verilənə qədər iddia materiallarının dərc edilməməsi yolu ilə.

Bu, problemin nisbətən həll edilməsi üçün iddia sənədlərinin təqdim olunması ilə bağlı ABŞ-ın patent qanunvericiliyinin iddiaçıya müvəqqəti (ilkin) sifarişin verilməsi imkanıdır. Bu imkanı müəyyən mənada adi (ənənəvi) iddiaya münasibətdə prioritetin əldə edilməsi məqsədilə Patent təşkilatında ixtiranın təsvirinin deponlaşması kimi müəyyən etmək olar. Müvəqqəti (ilkin) sifariş əsasında iddiaçı 12 ay ərzində növbəti adi (ənənəvi) iddianı (nonprovisional) təqdim etmədiyi halda patent ala bilməz. İlkin iddia çox sadələşmiş formada istənilən dildə, özü də ixtiranın düsturunun (formulunun) göstərilməməsi ilə təqdim edilə bilər və bu iddianın təqdim edilmə qiyməti əsas iddianın qiymətindən qat-qat ucuzdur. Həmin qaydalar mexanizminin əsas üstünlüyü iddiaçının 12 ay ərzində daha dürüst iddianın hazırlanmasında və bununla yanaşı, ixtiranın mahiyyətini açıqlamadan bazar marağının ixtiraya münasibətdə necə olduğunu müəyyən etməkdən ibarətdir.

Üçüncüsü, digər bir problem - patentin qorunma müddəti və müəllif-hüquq qorunması ilə paralellərə aiddir. Bəllidir ki, istər müəllif-hüquq qanunvericiliyində, istərsə də patent qanunlarında şəxsi, qeyri-əmlak hüquqlarının qorunması sonsuz olduğu halda, əmlak hüquqlarının qorunması müddətlidir. İxtiralara aid əmlak hüquqlarının qorunmasının müddəti dünyada vahidləşmiş yanaşmaya əsasən, minimal olaraq iddia sənədinin verilməsi anından (20 il) və uzadılmasına (5 il) imkan verməklə qəbul edilir.

Məlumdur ki, iddia sənədinin verildiyi andan onun dərc edildiyi ana qədər heç bir qorunma nəzərdə tutulmur, iddia ərizəsinin dərc edildiyi andan verilən patent haqqında məlumatın dərc edildiyi ana qədər ixtiraya müvəqqəti qorunma təqdim olunur. Lakin qanunvericilik bu qorunma altında nəyin başa düşülməsinə aydınlıq gətirmir. Amma bizə bəllidir ki, qanunvericiliyin tələbinə əsasən, bu müvəqqəti qorunma müddəti zamanı həmin iddia olunan ixtiradan istifadəyə görə üçüncü tərəflər patent sahibinə ödəniş (kompensasiya) etmək məcburiyyətindədirlər. Lakin sözü gedən ödəniş heç də patent sahibinin əmlak hüququ kimi göstərilmir və bu növ müvəqqəti qorunma müəyyən suallar yaradır.

Belə ki, əgər həmin istifadəni hüquq sahibi özü həyata keçirirsə, onda bu absurda çevrilir (öz-özünə ödəmə) və əgər bu istifadə digər şəxslər tərəfindən həyata keçirilibsə, onda gələcəkdə ixtiraya verilən patent yeni deyil.

Bununla yanaşı, “müvəqqəti qorunma” “öncə istifadə” hüququna zidd çıxır, yəni hər hansı fiziki və ya hüquqi şəxsin istifadə həcminin artırılmaması şərti ilə sonrakı ödənişsiz istifadəsi ilə ziddiyyətlər olur (əgər digər şəxs analoji ixtiraya iddia ərizəsi vermiş və ona patent də almış olarkən).

Nəhayət, “müvəqqəti qorunma” patent alındıqdan sonra qüvvəyə minir, yəni ixtiranın keçmiş istifadələrinə aid edilir. Lakin əksər ölkələrdə Konstitusiya prinsipinə əsasən, “qanunun geriyə qüvvəsi yoxdur” norması işlənilir (vətəndaşların məsuliyyətini yumşaltma və ləğvetmə halları istisna olmaqla) və belə “retroaktivlik” halı patent qanunvericiliyinin digər normaları ilə ziddiyyət təşkil etdiyi halda Konstitusiya prinsiplərinə də zidd çıxır.

Göründüyü kimi, “müvəqqəti qorunma” əslində əmlak hüququnun retroaktiv genişlənməsi deməkdir və bu genişlənmənin zaman kəsiyi patent təşkilatına (PT) iddia sənədləri verilən andan verilən patent haqqında məlumatların dərc edildiyi ana qədər uzanır.

Vurğulanıb ki, əgər həmin genişlənmə iddiaçının Konstitusiyaya əsasən vəziyyətini pisləşdirmirsə, digər şəxslərin bilməməsi ucbatından yaxud qəsdən olmaması səbəbindən öncə qorunmayan ixtiradan istifadə vəziyyətini ağırlaşdırır və bu şəxslər patent qanunvericiliyinin de-fakto işləndiyi normasına görə qanun pozucuları sırasına daxil edilirlər.

Retroaktivlik prinsipi Bern Konvensiyasında əks olunaraq, TRIPS Sazişində, ÜƏMT-nin "Müəlliflik hüququna dair", "İfalar və fonoqramlara dair" müqavilələrində (internet müqavilələri) də təsdiqini tapıb və mahiyyəti ondan ibarətdir ki, Bern Konvensiyasına qoşulan, yəni Bern İttifaqına üzv olan ölkə həmin İttifaqın digər ölkələrinin əsərlərini qoşulma anından yox, üstəlik bu ölkələrdə qorunma müddəti bitməyən əsərləri qoruyur.

Kamran İmanov diqqətə çatdırıb ki, beynəlxalq və milli müəllif-hüquq qanunvericiliyində açıq, əyani formada əksini tapan retroaktivlik prinsipi aşkar formada sənaye mülkiyyəti üzrə nə beynəlxalq, nə də milli qanunvericilikdə öz əksini tapmayıb, lakin bu o demək deyil ki, onun mövcudluğu şübhə altındadır.

“Müvəqqəti qorunma” norması ilə yaranan ziddiyyətləri aradan qaldırmaq məqsədilə istər beynəlxalq, istərsə də milli patent qanunvericiliyində aşkar formada retroaktivlik prinsipi öz əksini tapmalıdır, onun iddia sənədinin PT-yə verilməsi anından patentin verilməsi haqqında məlumatların dərc edilməsi anına qədər zaman kəsiyinə şamil edilməsi və “öncə istifadə” hüququ qüvvədə olduğu halda istisna olması göstərilməlidir.

Dördüncüsü, innovasiyalı inkişafda mühüm rola malik olan patent qanunvericiliyinin ixtiralara aid yeni üsulunun qorunması və həmin üsulla alınan məhsula şamil edilməsi üzərində dayanmağın məqsədəuyğunluğu barədə danışan Kamran İmanov vurğulayıb ki, “Üsul” anlayışı prosesi, daha doğrusu istehsalat prosesini nəzərdə tutur və TRIPS Sazişinin 28 (1) maddəsinə əsasən, milli qanunvericiliyimizdə tərcüməsi belə verilir: “patentin obyekti üsul olduqda patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən bu üsulun tətbiqi (daha dəqiq “istifadəsi”) ilə bağlı hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər üçün idxalının qarşısının alınması"na müstəsna hüququ vardır.

Bununla yanaşı, “məhsulun alınma üsuluna patentlə verilmiş hüquq bilavasitə bu üsulla alınan digər məhsula da şamil edilir və əksini sübut edən hal olmadıqda yeni məhsul patentləşmiş üsulla alınmış hesab edilir”.

Göründüyü kimi, məhsulun alınması üsuluna verilən patentin müstəsna hüququ bu üsulla alınan məhsulun özünə də şamil edilir.

İstehsalat üsulunun patent qorunmasının bu üsulla alınan məhsulun üzərinə keçirilməsi dəqiqləşdirmə tələb edir. Bir tərəfdən istehsalatın yeni üsulun patent qorunmasının ənənəvi, yayılan məhsula münasibətdə genişlənməsi qanuni deyil, çünki digərlərinin hüquq və maraqlarını pozur. Digər tərəfdən isə yeni üsulla istehsal olunan yeni məhsula münasibətdə belə qorunma lüzumsuzdur və buna ehtiyac da yoxdur, çünki məhsul elə ona görə yenidir ki, yeni qorunan üsul vasitəsilə alınır.

Kamran İmanov Agentliyin praktiki fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, qarşıda qoyulan vəzifələri dərk edərək, Əqli Mülkiyyət Agentliyi Müəllif Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi dövrdən başlayaraq, indiki yeni imkanlarla davam edir. Belə ki, Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladıqları "Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə"nin icrası ilə bağlı hələ 2017-ci ildə Agentliyin iştirakı ilə Təhsil Nazirliyi və ÜƏMT arasında birgə Bəyannamə imzalanıb və bu istiqamətdə bir neçə beynəlxalq konfrans və seminar keçirilib.

Layihə çərçivəsində bir sıra metodik sənədlər və broşürlər, kommersiyalaşma xəritələri hazırlanaraq elmi təşkilatlara paylanıb.

Həmçinin ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin 2018-ci il iyunun 4-6-da Azərbaycana rəsmi səfər proqramı çərçivəsində "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" mövzusunda beynəlxalq konfrans və "Qeyri-maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?" mövzusunda regional seminar keçirilib, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgi təşkil edilib. Bu sərgidə 21 startap-layihə nümayiş etdirilib, onların 16-sı yerli universitetləri, 2-si özəl şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar Parkı) təmsil edib.

2018-ci ilin sentyabr ayında ÜƏMT-nin Baş Assambleyasında Azərbaycanın ənənəvi mədəni irsini təmsil edən, UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilən nümunələrə əsaslanan müasir coğrafi göstəriciləri nümayiş olunub.

2018-ci il dekabrın 18-də ÜƏMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ÜƏMT və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı" mövzusunda beynəlxalq konfrans və Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan sərginin təşkili də vacib tədbirlərdəndir. Bu beynəlxalq tədbirin xüsusi əhəmiyyəti yeniləşən islahatçı ölkə - Azərbaycanın müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə nümayiş etdirməsində idi.

"Onu da xüsusi olaraq qeyd etməliyəm ki, dövlət başçısının vergi islahatları çərçivəsində etdiyi dəyişikliklər mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni üfüqlər açır. Belə ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan fiziki şəxslər "startap" şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirdən 3 il müddətinə gəlir vergisindən, hüquqi şəxs kimi fəaliyyət göstərən həmin subyektlər isə 3 il müddətinə əldə etdikləri mənfəət vergisindən azad olunurlar.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, "gələcəyimiz - innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir". Əqli Mülkiyyət Agentliyi isə bir dövlət qurumu kimi bu göstərişi layiqincə yerinə yetirməlidir", - deyə Kamran İmanov fikrini yekunlaşdırıb.

Seminarda “Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsində həyata keçirilən islahatlar və Agentliyin qarşısında duran vəzifələr”, “Patent hüququ Müqaviləsi”nin icmalı”, “Patent qanunvericiliyinin təkmilləşdirilməsi” və digər mövzularda məruzələr dinlənilib.

“Patent hüququ Müqaviləsi”nə dair seminar martın 6-da başa çatacaq.

Bakıda “Patent hüququ Müqaviləsi”nə dair seminar keçirilir  YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb